Trampın xüsusi nümayəndəsi Moskvaya gedir – MÜHARİBƏ BİTİR?backend

Trampın xüsusi nümayəndəsi Moskvaya gedir – MÜHARİBƏ BİTİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Ağ Evin müşaviri Cared Kuşner bu gün Moskvaya səfər edəcəklər. Qeyd edilib ki, Vladimir Putinlə planlaşdırılan görüşü ABŞ–Rusiya–Ukrayna danışıqlarında yeni mərhələnin başladığını göstərir. 

Burada bir neçə sual ortaya çıxır: Bu görüş Rusiya–Ukrayna danışıqlarının gedişatında hansı yeni siyasi istiqamətlərin formalaşacağına işarə edir? Bu səfərin regiondakı diplomatik balanslara və mümkün sülh razılaşmasına real təsiri nə ola bilər? Bundan başqa, görüşün Cənubi Qafqaza mümkün dolaylı təsirləri nə ola bilər?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Azər Hüseynov qeyd edib ki, Stiven Uitkoff və Cared Kuşnerin Moskvaya səfəri bir daha göstərir ki, ABŞ-ın yeni administrasiyası Ukrayna məsələsinə əvvəlki kimi strateji yük kimi yanaşmaq niyyətində deyil:

“Son iki il ərzində Qərbin Rusiya ilə bağlı proqnozlarının – xüsusilə sanksiyaların Rusiyanı tez bir zamanda çökməyə məcbur edəcəyi və ya Ukraynada Rusiyanın irəliləyişinin dayanacağı barədə iddiaların – özünü doğrultmadığı açıq şəkildə ortaya çıxdı. Mən müharibənin ilk günlərindən etibarən qeyd edirdim ki, sanksiyalar Rusiyanın iqtisadi və hərbi gücündə qısa müddətdə fundamental zəifləmə yaratmayacaq və Ukrayna hərbi sahədə Rusiya qarşısında üstünlük əldə edə bilməyəcək. Bu gün həmin proqnozlar tam şəkildə reallığa çevrilib.”

Azər Hüseynovun sözlərinə görə, bu reallıqlar fonunda Ukrayna böhranının ilkin mərhələdə qarşılıqlı güzəştlər əsasında həll edilməsi daha rasional olardı:

“Mən burada Ukraynanın ərazi bütövlüyünü pozacaq ağır güzəştləri nəzərdə tutmuram.

Siyasi-diplomatik manevrlərlə münaqişənin dərinləşməsinin qarşısı almaq mümkün idi.

Lakin Qərbin öz daxilində mövcud olan fikir ayrılıqları, strategiya ziddiyyətləri və qeyri-ardıcıl yanaşma nəticəsində isə Ukrayna ərazilərinin böyük bir qismi Rusiya nəzarəti altına keçdi və milyonlarla insan ölkəni tərk etdi.

Bu gün baş tutan ABŞ nümayəndələrinin Moskvaya səfəri onu göstərir ki, Vaşinqton artıq Ukrayna yükünü daşımaqda maraqlı deyil.

Tramp administrasiyası Ukraynada müharibənin davam etməsinin ABŞ üçün iqtisadi və geosiyasi baxımdan sərfəli olmadığını düşünür. Trampın biznes mənşəli yanaşması da bunu təsdiqləyir: o, Ukraynada müharibənin davam etməsini yox, əksinə, layihələrin, bərpa işlərinin və investisiya axınının açılmasını daha real və sərfəli yol kimi görür.”

Siyasi şərhçi bildirib ki, bu prosesin Cənubi Qafqaz üçün nəticələri də qaçılmazdır.

“Rusiya Ukrayna cəbhəsində yükünü azaldarsa, bu, onun regiondakı siyasi fəallığını artırmaq imkanları yarada bilər.

Azərbaycan isə xarici siyasətində indiyə qədər olduğu kimi balanslı xətti davam etdirməlidir.

Bakı üçün əsas prioritet öz təhlükəsizliyini təmin etmək, mümkün riskləri öncədən hesablamaq və həm Rusiya, həm də Qərblə münasibətlərdə ölçülü davranmaqdır. Eyni zamanda, Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının gücləndirilməsi regionda ölkəmizin mövqelərini daha da möhkəmləndirəcək.

Cənubi Qafqazın digər iki ölkəsi də böyük güclərin yeni geosiyasi qarşıdurma xəttində öz təbii məhdudiyyətlərini anlayır.

Gürcüstan artıq uzun müddətdir ki, Rusiya reallığını nəzərə alaraq hərəkət edir. Ermənistan isə hər nə qədər Qərbə meyilli bəyanatlar versə də, ölkə daxilində güclü Rusiyameyilli siyasi və hərbi qurumların varlığını nəzərə almalı olur. Paşinyan hökuməti real vəziyyəti anlayır və addımlarını tamamilə Qərb kursuna kökləməyin riskli olduğunu bilir.

Azər Hüseynovun sözlərinə görə, ABŞ–Rusiya münasibətlərində baş verən bu yaxınlaşma Cənubi Qafqazda müəyyən təsirlər yaradacaq, lakin region ölkələri balanslı siyasət yürüdərsə, xüsusilə Azərbaycan və Türkiyə birlikdə strateji xətti davam etdirərsə, təhlükəsizliklərini təmin etmiş olacaqlar.

Mövcud vəziyyətdə ən rasional yanaşma balans, regional çeviklik və çoxtərəfli əməkdaşlıqdır.