“Ramiz Mehdiyevlə bir əlaqəm varsa…” – İsfəndiyarla bağlı məhkəmə istintaqıbackend

“Ramiz Mehdiyevlə bir əlaqəm varsa…” – İsfəndiyarla bağlı məhkəmə istintaqı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə növbəti məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəkil Asim Abbasov məhkəməyə elektron qaydada təqdim etdiyi vəsatəti səsləndirib.

Vəkil bildirib ki, mütəxəssis rəyində yeyinti sözü yazılsa da, cinayət predmeti kimi Cinayət Məcəlləsinin müvafiq maddələrində əks olunsa da, iş üzrə tənqidi hal kimi yanaşılıb. Təqdim edilən rəydə dələduz sözünə toxunulmayıb, təhqiqat aparılmayıb. Videoda müəyyən məbləğlər səsləndirilsə də, bu barədə heç nə yazılmayıb.

Həmçinin vəkil əlavə edib ki, AMEA-nın Dilçilik İnstitutunun direktoru hazırda dövlətə xəyanətdə təqsirləndirilən Ramiz Mehdiyevin vəzifədə olan zaman təyin edilib. Həmçinin bəzi media resurslarında Ramiz Mehdiyevlə İsfəndiyar Axundov arasında əlaqənin olması ilə bağlı yazılar dərc edilib. Bu da ona əsas verir ki, rəy qərəzlidir. Rəyin sübutlar siyahısından çıxarılmasını xahiş edirəm.

Müdafiə tərəfi isə bununla razılaşmayıb. Təqsirləndirilən iş adamının vəkili Ülvi Nəsibli isə qarşı tərəfin dediklərinin həqiqətə uyğun olmadığını deyib: “Kimin kimdən xoşu gəlmirsə, Ramiz Mehdiyevlə bağlayırlar. Müvəkkilimin onunla heç bir əlaqəsi olmayıb”.

Şərurlu İsfəndiyar isə “Əgər Ramiz Mehdiyevlə bir əlaqəm varsa, dövlət mənim cəzamı verəcək” deyə vəsatətə münasibət bildirib.

Vəkil Şahbaz Kərimli məhkəməyə bildirib ki, sübut mötəbər olmalıdır. Ramiz Mehdiyev və İsfəndiyar Axundov arasında əlaqə olmayıb.

Vəkil Asim Abbasov bildirib ki, mətbuatda dərc edilən yazılar yeni deyil, 2020-ci ildə dərc edilib və həmin zaman Ramiz Mehdiyev vəzifədə idi.

Vəkil əlavə edib ki, məhkəmə istintaqı zamanı həm təqsirləndirilən şəxs özü, həm də övladı bizimlə danışıqlara gedib və razılaşma ilə bağlı zənglər edib. Bununla bağlı qeydlər də var. Bizim tələbimiz sizin etdiyiniz səhvin etiraf edilməsidir.

Məhkəmə rəyin sübutlar siyahısından çıxarılması ilə bağlı vəsatəti baxılmamış saxlayıb və vəsatətə yekun məhkəmə aktının çıxarıldığı zaman qiymət veriləcəyini bildirib.

Həmçinin məhkəmə əvvəlki prosesdə vəkil Asim Abbasovun rəyi verən mütəxəssisin dindirilməsi ilə bağlı verdiyi və baxılmamış saxlanılan vəsatətə münasibət bildirib.

Məhkəmə sözügedən vəsatəti təmin etməyib.

Daha sonra sənədlər tədqiq edilib.

Sənədlərin tədqiqi bitdikdən sonra məhkəmə istintaqının yekunlaşdığını elan edib.

Xüsusi ittiham qaydasında iddia qaldıran Emil Səməndərovun vəkili çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti prosesi 22 dekabra təyin edilib.

Qeyd edək ki, şikayətçi Emil Səməndərov külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib. Amma hələ yekun məhkəmə qərarı yoxdur. Buna baxmayaraq, İ.Axundov verilişlərin birində onu dələduz adlandırıb. E.Səməndərov “dələduz” sözünü özünə qarşı təhqir və böhtan hesab edərək məhkəməyə müraciət edib.