2025-ci ildə keçirilən qəbul və buraxılış imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə etməkdə ittiham olunan tanınmış təhsil eksperti Kamran Əsədov barədə istintaq davam edir.
NOCOMMENT.az xəbər verir ki, “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Kamran Əsədov əvvəllər “Kamal” adlı hazırlıq kurslarının təsisçisi olub.
Kurs fəaliyyət göstərdiyi müddətdə ibtidai sinifdən başlayaraq orta sinif, abituriyent, magistr və doktorantura hazırlığı üzrə dərslər keçirmiş, həmçinin xarici dillər və MİQ, Office proqramları üzrə təlimlər təklif etmişdi. Kurs yazılı müqavilə ilə qəbula 100% zəmanət verirdi.
Təxminən, 1 il əvvəl isə kurs fəaliyyətini dayandırıb.
Kurs bağlandıqdan sonra isə orada çalışan müəllimlərlə kurs rəhbəri arasında ciddi qalmaqal yaşanıb. Müəllimlər iddia edirdilər ki, kurs rəhbəri onların məvaciblərini verməyib.
Hazırda kursun fəaliyyət göstərdiyi yerdə ev tekistili satış mağazası fəaliyyət göstərir.
Qeyd edək ki, ittihama görə, Kamran Əsədov və tanışı Gündüz Abbasov cinayət əlaqəsinə girərək ümumilikdə 15 abituriyentin üzərinə bu vasitələri quraşdırıblar. Gündüz Abbasov artıq həbsdədir, Kamran Əsədov isə istintaq dövründə “başqa yerə getməmək” qətimkan tədbiri ilə azadlıqda saxlanılır.
Onlara Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Hər iki maddə üzrə 3 ilədək həbs cəzası nəzərdə tutulur.













