Ata adının dəyişdirilməsi: Hüquqi imkan, yoxsa milli kimlik məsələsi?backend

Ata adının dəyişdirilməsi: Hüquqi imkan, yoxsa milli kimlik məsələsi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ad, soyad və ata adı yalnız şəxsin identifikasiya vasitəsi deyil, eyni zamanda onun sosial kimliyini, mədəni mənsubiyyətini və ailə bağlarını əks etdirən mühüm göstəricilərdir.

Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, fərdlərin müəyyən əsaslar olduqda bu elementləri dəyişdirməsi hüquqi cəhətdən mümkün və qanunla qorunan bir hüquqdur. Azərbaycan Respublikası vətəndaşları öz adını, ata adını və soyadını 18 yaşına çatdıqdan sonra dəyişdirə bilərlər.

“Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 12 may 2011-ci il tarixli Nazirlər Kabinetinin Qərarına əsasən 18 yaşı tamam olmuş Azərbaycan vətəndaşı adının, soyadının və ata adının dəyişdirilməsi üçün müvafiq qeydiyyat şöbəsi (ASAN Xidmət) və ya konsulluq idarəsinə müraciət edə bilər.Lakin bu proses həm hüquqi, həm də sosial aspektləri ilə diqqətlə araşdırılmalı olan məsələdir. Ancaq unutmaq olmaz ki, ata adı ailənin sosial funksiyasını və şəxsiyyətini dəqiqləşdirməyə xidmət edir. Ona görə də, bu adı dəyişmək qərarı vermədən öncə, yaxşı düşünmək lazımdır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Təranə Şükürlü bildirib ki, Azərbaycanda ata adı rəsmi kimliyin vacib hissəsidir:

“Pasportdan tutmuş gündəlik müraciətə qədər həyatımızda mühüm rol oynayır. Amma qloballaşan dünyada bəziləri hesab edir ki, ata adı artıq köhnəlmiş ənənədir və gənc nəsil üçün yersiz yükdür. Sizcə, ata adını saxlamaq milli kimliyimizin qorunmasıdır, yoxsa müasirliyə mane olan bir vərdiş?”

“Antroponimlərin dildə istifadə olunmasının müxtəlif formaları mövcuddur: Məsələn: familya, ad, ata adı və qohumluq bildirən söz. Məsələn, Əhmədov Əli Asif oğlu kimi.

Və yaxud ad, ata adı və qohumluq bildirən söz: Vaqif Səmədoğlu, Yusif Səmədoğlu. Elnur Əşrəfoğlu və sair. Antroponimlər iki üzvlü formalarda da işlənə bilir:

Buna misal olaraq Rəsul Rza, Süleyman Rüstəm və digər belə ad, soyadları göstərə bilərik. Antroponimlərin bir üzvlü formasından da istifadə olunur: Anar, Elçin və sairə. Ata adının istifadəsini məqsədəuyğun hesab etmək olar. Hər bir şəxsin, gəncin hansı ailəyə , nəslə mənsubluğunu göstərir. Ata adı insanın sosial münasibətini, qohumluq əlaqələrini göstərən bir formadır. Ailə bağlarını aydınlaşdırır. Ata adının işlənməsi dildə nəzakətlilik kateqoriyasına, etik normaya riayət etməyin göstəricisidir.

Həmçinin eyni ada, soyada malik insanları fərqləndirməyə kömək edir”, – deyə ekspert vurğulayıb.