2025‑ci il Azərbaycanın maliyyə sistemi üçün həm daxili sabitliyin saxlandığı, həm də beynəlxalq reytinq və əməkdaşlıq baxımından əhəmiyyətli hadisələrlə yadda qalan il olub. Dövlət büdcəsi, borc idarəçiliyi, bank və sığorta bazarları, beynəlxalq maliyyə əlaqələri və reytinq agentliklərinin qiymətləndirmələri bir araya gətirilərək bu il maliyyə sektorunun əsas uğurlarını formalaşdırıb.
Dövlət maliyyəsi: büdcə, borc və risklərin idarə olunması
Azərbaycan dövlət büdcəsinin 2025‑ci il üçün icrası əvvəlcədən proqnozlaşdırılan səviyyəni üstələyərək maliyyə sektorunda dayanıqlılığın əsas göstəricisi kimi çıxış edib. 2025-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 1 436 000-dən çox ödəniş tapşırığı icra edilib, dövlət büdcəsinin gəlirləri isə yüksək səviyyədə yerinə yetirilib. Dövr ərzində konsolidasiya edilən büdcə gəlirləri 43,9 milyard manat təşkil edib ki, bu da 11 aylıq proqnozdan 2,5 milyard manat və ya 6,1% çoxdur. Eyni dövrdə dövlət büdcəsinin gəlirləri isə 35,6 milyard manat təşkil edib ki, bu da 11 aylıq proqnozu 324,6 milyon manat və ya 0,9 faiz üstələyib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxilolmalar 15,3 milyard manat təşkil edib. Bu göstərici proqnozdan 745,5 milyon manat (5,1%) artım nümayiş etdirib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidməti vasitəsilə 41,6 milyon manat vəsait daxil olub ki, bu da proqnozdan 10,2 milyon manat (32,5%) çoxdur. Bundan başqa, dövr ərzində Dövlət Neft Fondundan transfert 13,3 milyard manat təşkil edib ki, bu da proqnozun tam icrası deməkdir.
Dövlət Gömrük Komitəsi vasitəsilə daxilolmalar 5,8 milyard manat (proqnozun 96,6%-i) təşkil edib. Həmçinin dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların pullu xidmətlərindən əldə edilən gəlirlər 592,3 milyon manata (proqnozun 72,7%-i) çatıb, digər daxilolmalar 654,7 milyon manat (proqnozun 99,1%-i) təşkil edib.
Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ilin ilk 11 ayı ərzində icmal büdcə xərcləri 36,8 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 milyard manat və ya 3,9% çoxdur.
Dövr ərzində dövlət büdcəsinin xərcləri 31,4 milyard manata bərabər olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 376,6 milyon manat və ya 1,2% artım deməkdir.
Dövlət borcu: xarici və daxili öhdəliklər
Bu ilin oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcu 4,893 milyard ABŞ dolları təşkil edib. Məlumata görə, bu göstərici 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 6,4 faizini təşkil dib. 2025-ci ilin 01 yanvar tarixi ilə müqayisədə xarici dövlət borcu 236,6 milyon ABŞ dolları məbləğində azalıb.
Cari ilin oktyabrın 1-nə xarici dövlət borcunun valyuta tərkibi belə olub: ABŞ dolları – 85,3 faiz, avro – 6,3 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,4 faiz, yapon yeni – 3,3 faiz, digər valyutalar – 1,7 faiz.
2025-ci ilin 1 oktyabr tarixinə ölkənin strateji valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 81,5 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 16,6 dəfə üstələyir.
2025-ci ilin 1 oktyabr tarixinə dövlət büdcəsinin borca xidmət xərcləri hesabına xarici borclar üzrə 435,8 milyon ABŞ dolları məbləğində əsas borc, 191,8 milyon ABŞ dolları məbləğində isə faiz borcu ödənişləri həyata keçirilib.
Eyni zamanda bu ilin oktyabrın 1-nə Azərbaycanın 17,47 milyard manat təşkil etmiş daxili dövlət borcunun 7,987 milyard manatını dövriyyədə olan dövlət qiymətli kağızları, 9,60 milyard manatını isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəlikləri təşkil edib. Məlumata görə, hesabat tarixinə dövlət qiymətli kağızlarının 3 faizi 1 illik, 56,3 faizi 2 və 3 illik, 40,7 faizi isə 5 il və daha artıq müddətli olub.
Oktyabrın 1-nə dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 3,52 il təşkil edib. Cari ilin 9 ayı ərzində dövlət istiqrazları üzrə orta ödəniş müddətinin uzadılması, təkrar maliyyələşdirmə həcmlərinin hamarlaşdırılması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində qısamüddətli dövlət istiqrazlarının geri alınaraq daha uzunmüddətli dövlət istiqrazları ilə əvəz olunması dövlət istiqrazları üzrə OÖM-ün artmasına səbəb olub.
Bundan başqa, cari ilin oktyabrın 1-nə Azərbaycanın dövlət zəmanətli borcunun məbləği 10,686 milyard manat və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 8,2%-ni təşkil edib. Dövlət zəmanətinin 9,024 milyard manatı (5,308 milyard ABŞ dolları) və yaxud 84,4 faizi xarici kreditlərin, 1,662 milyard manatı və yaxud 15,6 faizi isə daxili kreditlərin payına düşüb.
Xarici dövlət zəmanətli borc portfelinin 79,1 faizi və yaxud 4,197 milyard ABŞ dolları məbləğində hissəsi “Cənub Qaz Dəhlizi” QSC-nin cəlb etdiyi kreditlərə verilən dövlət zəmanətlərindən ibarətdir.
Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 58,8 faizini sabit, 41,2 faizini dəyişkən faiz dərəcəli borc təşkil edib.
Cari ilin oktyabrın 1-nə dövlət zəmanətli borc portfelinin valyuta tərkibi belə olub: ABŞ dolları– 63,3 faiz, avro – 18,5 faiz, manat – 12,4 faiz, yapon yeni – 3,9 faiz, digər valyutalar – 1,9 faiz.
Bank sektoru
2025‑ci il bank sektoru üçün artım və sabitlik ili olub. Belə ki, ölkənin bank sektoru bu ilin yanvar-noyabr ayları ərzində 1,060 milyard manat xalis mənfəət əldə edib. Qeyd olunan göstərici ötən ilin eyni dövrünə nisbətən 92,4 milyon manat və ya 9,6% çoxdur.
Cari ilin 11 ayında banklar tәrәfindәn ümumilikdә 265,5 milyon manat mәblәğindә mәnfәәt vergisi ödәnilib (2024-cü ilin analoji dövrü ilә müqayisәdә 14,3% vә ya 33,2 milyon manat daha çox).
Eyni zamanda bu ilin dekabrın 1-nə Azərbaycanda fәaliyyәtdә olan bankların cәmi aktivlәri 58,748 milyard manat təşkil edib. Hesabat dövründə bankların cәmi öhdәliklәri 51,517 milyard manat, balans kapitalı 7,231 milyard manat olub.
Beləliklə, noyabr ayında bankların cәmi aktivlәri 4,3%, cәmi öhdәliklәri 4,7%, balans kapitalı 1% artıb.
Ötən ilin dekabr ayının 1-i ilə müqayisədə isə bankların cәmi aktivlәri 17,1% artıb.
Bu ilin dekabrın 1-nə Azərbaycanda bankların kredit portfeli isə 1% vә ya 281,7 milyon manat artaraq 29,685 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri – 53.2% (15,805 milyard manat), istehlak kreditlәri – 31.4% (9,319 milyard manat) vә ipoteka kreditlәri – 15.4% (4,562 milyard manat) təşkil edib.
Bankların öhdәliklәrinin strukturunda depozit portfeli üstünlük tәşkil edib (cәmi öhdәliklәrin 72.2%-i vә ya 37,202 milyon manat). Depozit portfelinin 57.4%-i (21,354 milyard manat) hüquqi şәxslәrin, 42.6%-i (15,848 milyard manat) fiziki şәxslәrin depozitlәrindәn (fәrdi sahibkarlıqla mәşğul olan fiziki şәxslәrin depozitlәri istisna olmaqla) ibarәt olub.
Bu rəqəmlər bank sektorunun həm dayanıqlı maliyyə nizamına malik olduğunu, həm də əmanətçilər üçün cəlbedici mühit yaratdığını göstərir.
Azərbaycan Mərkəzi Bankının (AMB) pul siyasəti
Azərbaycan Respublikası Mərkəzi Bankı 2025-ci ildə də öz fəaliyyətini başlıca mandatı olan qiymət sabitliyinə yönəldib. Hesabat ilində illik inflyasiya hədəf diapazonunda (4±2%) olub. Pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində islahatlar davam etdirilib Nəticədə pul siyasətinin faiz kanalının ötürücülüyü aktivləşməyə başlayıb.
Valyuta bazarındakı sabitlik ölkədə qiymət sabitliyinin təmin olunmasında həlledici rol oynayıb. 2025-ci ilin ötən dövründə nağd və nağdsız seqmentlər üzrə ümumilikdə valyuta bazarında təklif tələbi üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 2.1 faiz bəndi azalaraq 2025-ci ilin noyabrında 29%-ə enib. Əlverişli xarici sektor göstəriciləri valyuta bazarında tarazlığı dəstəkləyib. Tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 2025-ci ilin 9 ayında 3 milyard ABŞ dolları və ya ÜDM-in 5.4%-i səviyyəsində olub. Bu şəraitdə ölkənin strateji valyuta ehtiyatları 11 ayda 17.7% artaraq 83.6 milyard ABŞ dollarına çatıb. O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 4.3% artaraq 11.4 milyard ABŞ dollarına yüksəlib. Beləliklə, ölkənin strateji valyuta ehtiyatları xarici borcunu 17 dəfədən çox üstələyir.
2025-ci ildə pul siyasətinə dair qərarlar makroiqtisadi proqnozlar, inflyasiyanın risk amillərində baş verən dəyişikliklər, valyuta bazarındakı vəziyyət və xarici ölkələrdə faizlərin azaldılması üzrə gözləntilər nəzərə alınmaqla verilib. Dövr ərzində faiz dəhlizi parametrləri öncədən nəzərdə tutulmuş qrafik üzrə 8 dəfə müzakirə edilib. Mərkəzi Bankın İdarə Heyətinin pul siyasətinə həsr edilmiş 6 iclasında uçot dərəcəsinin sabit saxlanılması, 2 iclasında isə azaldılması barədə qərar qəbul edilib. Ümumilikdə cari il ərzində pul siyasəti yumşaldılıb, uçot dərəcəsi 7.25%-dən 6.75%-ə, faiz dəhlizinin yuxarı həddi 8.25%-dən 7.75%-ə, dəhlizin aşağı həddi isə 6.25%-dən 5.75%-ə endirilib. Hazırda uçot dərəcəsi son 4 ilin minimum səviyyəsindədir və neytral faiz dərəcəsinə yaxındır.
2025-ci il ərzində pul siyasəti alətləri pul bazarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilib. Bu əməliyyatlar təminatsız pul bazarında faizlərin Mərkəzi Bankın faiz dəhlizinin dəyişiminə adekvat reaksiya verməsini təmin edib. Son aylarda uçot dərəcəsi ilə pul siyasətinin yardımçı əməliyyat hədəfi olan təminatsız pul bazarında 1 günlük əməliyyatlar üzrə orta faiz dərəcəsi – AZIR arasında fərq minimuma enib. AZIR indeksinin orta günlük səviyyəsi oktyabrda 6.89%, noyabrda 6.91%, dekabrın ötən dövründə isə 6.84% olub. Ümumilikdə 11 ay ərzində uçot faiz dərəcəsi ilə AZIR indeksi arasındakı standart kənarlaşma 0.29 faiz bəndi (o cümlədən son 3 ayda 0.04 faiz bəndi) olub ki, bu da beynəlxalq təcrübə baxımından məqbul hesab edilir. Hesabat dövründə uçot dərəcəsinin AZIR vasitəsilə digər faizlərə təsir göstərməsi də müşahidə edilib. Belə ki, iyul ayında uçot dərəcəsinin azaldılması qiymətli kağızlar bazarında gəlirliliyin, eləcə də yeni depozit və kredit faizlərinin azalması ilə müşayiət olunub.
Hesabat dövründə banklararası bazarın həm təminatsız, həm də təminatlı sektorunda aktivlik yüksək olaraq qalıb. 11 ayda Blumberq platformasında banklar arasında milli valyutada 61.8 milyard manat məbləğində 3482 əqd bağlanıb. Bu dövrdə banklararası repo bazarında 3.0 milyard manat həcmində 287 əqd bağlanıb.
Cari ilin aprel ayından başlayaraq Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabı qalığı kommersiya banklarında depozit şəklində yerləşdirib ki, bu da bank sektorunda likvidliyin avtonom amillər hesabına artımına səbəb olub. Bu şəraitdə AZIR-ı uçot dərəcəsinə yaxın idarə etmək üçün 7 günlük depozit əməliyyatından başlıca açıq bazar əməliyyatı kimi istifadə edilib. 30 noyabr 2025-ci il tarixinə açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin tərkibində 7 günlük depozit portfelinin payı 87% olub.
Pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi işləri hesabat dövründə də davam etdirilib. Belə ki, qısamüddətli likvidliyi daha effektiv idarə etmək üçün daimi imkan depozit və daimi imkan əks-repo əməliyyatlarının müddəti 1 günlükdən 1 gecəliyə dəyişdirilib, not hərraclarında minimum iştirakçı sayına qoyulan tələb aradan qaldırılıb, sterilizasiyayönümlü açıq bazar əməliyyatı olan 7 günlük repo 7 günlük depozitlə əvəz edilib.
Dövr ərzində Mərkəzi Bank banklararası pul bazarında gedən prosesləri və qabaqcıl beynəlxalq təcrübəni təhlil edib. Təhlillərin nəticələrini nəzərə alaraq Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) ekspertləri ilə sıx əməkdaşlıq çərçivəsində 2025-ci ilin mayında AZIR indeksinin hesablanmasının daha təkmil qaydaları təsdiq edilib. Bu qayda AZIR-ın istinad dərəcəsi kimi maliyyə bazarı iştirakçıları tərəfindən davamlı istifadəsinə xidmət edir.
Cari ildə AYİB tərəfindən milli valyutada AZIR indeksinə bağlı üzən faizli istiqrazların yerləşməsinə başlanılmışdır. Bu çərçivədə 50 milyon manat həcmində ilk tranş açıq təklif üsulu ilə uğurla yerləşdirilib. Bu, Azərbaycanın maliyyə bazarı üçün böyük nailiyyət olmaqla yanaşı, həm də AZIR indeksinin etibarlı istinad faizi kimi istifadəsinin göstəricisidir.
Tədiyə balansı və xarici ticarət
2025‑ci ilin 9 ayında tədiyə balansında ciddi profisit müşahidə olunub. Cari əməliyyatlar hesabında 3,0 milyard dollar profisit yaranıb və bu ÜDM‑in 5,4%-ni təşkil edib. Dövr ərzində Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1,1 milyard ABŞ dolları təşkil edib.
Xarici ticarət dövriyyəsi 30,8 milyard dollar olub, burada neft‑qaz sektoru üzrə profisit 14,0 milyard dollar, qeyri‑neft‑qaz sektoru üzrə isə 8,4 milyard dollar kəsir qeydə alınıb. Dövr ərzində ölkəyə 850 milyon dollar pul baratı (0,2 faiz artım) daxil olub. Eyni zamanda Azərbaycandan xaricə köçürülmüş pul baratlarının həcmi isə 361 milyon dollar təşkil edib.
Həmçinin bu ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına 4,7 milyard dollar birbaşa xarici investisiya yatırılıb. Azərbaycandan isə xaricə 2,038 milyard dollarlıq birbaşa investisiya qoyulub.
Bundan başqa, cari ilin ilk 9 ayında ölkənin əmtəə ixracı 6,1% artaraq 18,2 milyard dollar, qeyri‑neft ixracı isə 2,5 milyard dollar təşkil edib.
Xidmətlər balansı üzrə nəqliyyat xidmətləri profisiti 1,3 milyard dollar (+50,2%) və turizm xidmətləri profisiti 0,3 milyard dollar səviyyəsində olub.
Sığorta sektoru
Azərbaycanda sığorta bazarı 2025‑ci ildə aydın artım dinamikası nümayiş etdirib.
Yanvar–noyabr dövründə 16 sığorta şirkəti vasitəsilə 1,365 milyard manat sığorta haqqı toplanıb və ötən ilin eyni dövrü ilə müqayisədə 11,7% artım nümayiş etdirib. Dövr ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 844,8 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 21,7% çoxdur.
Dövr ərzində həyat sığortası üzrə yığımlar 773,9 milyon manat (+16,1%), ödənişlər isə 595,7 milyon manat (+32,2%), qeyri‑həyat sığortası bazarı üzrə yığımlar 591,5 milyon manat (+6,5%), ödənişlər 249,1 milyon manat təşkil edib. Bundan başqa, hesabat dövründə könüllü sığorta bazarı 1,034 milyard manat yığımlarla 13,3% artıb, ödənişlər isə 713,1 milyon manat (+25,5%) olub. Eyni zamanda icbari sığorta növlərinin hesabına 331,3 milyon manat (+7%) sığorta haqqı toplanılıb. Bu sığorta növü üzrə ödənişlərin həcmi isə 131,7 milyon manata (+4,5%) çatıb.
Azərbaycanın bank sektorunda yeniliklər
Oktyabr ayından etibarən Azərbaycan Mərkəzi Bankı (AMB) ilk dəfə maliyyə bazarında “Açıq bankçılıq” funksionallığının tətbiqinə başladı. Qeyd edilib ki, AMB “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində maliyyə bazarlarında göstərilən maliyyə xidmətlərinin rəqəmsallaşdırılması, yerli bazar üçün yeni innovativ maliyyə məhsullarının təqdim olunması, bununla da ölkədə maliyyə inklüzivliyinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsini davam etdirir. Strategiyanın fəaliyyət planında “Rəqəmsal maliyyə” təşəbbüsü çərçivəsində “Açıq bankçılıq” yanaşmasının tətbiqi strateji prioritetlərdən biri kimi müəyyən edilib. Bu istiqamətdə “Açıq bankçılıq” yanaşmasını tənzimləyən normativ aktlar və texniki platforma hazırlanıb.
Eyni zamanda kommersiya banklarının qeyd edilən platformaya inteqrasiyası işləri davam etdirilib. Məlumata görə, hazırda 6 bank inteqrasiyanın yekun mərhələsindədir, 13 bank – “Azərbaycan Beynəlxalq Bankı” (ABB), “AFB Bank”, “Azərbaycan Sənaye Bankı”, “Azər Türk Bank”, “Bank of Baku”, “Bank Respublika”, “Kapital Bank”, “TuranBank”, “Yapı Kredi Bank Azərbaycan”, “Yelo Bank”, “Bank VTB Azərbaycan”, “Premium Bank” və “Xalq Bank” isə inteqrasiyanı tam yekunlaşdırıb.
Bundan əlavə, ABB və “Turan Bank” “Açıq bankçılıq” funksionallığını mobil tətbiqlər vasitəsilə öz müştərilərinə təqdim ediblər. Bu mobil tətbiqlər vasitəsilə bank müştəriləri üçün onların razılığı əsasında digər banklarda olan hesabları və hesab üzrə ödəniş əməliyyatları haqqında məlumatları vahid bir tətbiq üzərindən əldə etmək imkanları yaradılıb.
Xatırladaq ki, “Açıq bankçılıq” yanaşması banklararası və maliyyə texnologiyaları ekosisteminin daha sıx inteqrasiyasını təmin edir, ölkədə rəqəmsal transformasiya prosesini sürətləndirir, maliyyə xidmətlərinə çıxış imkanlarını əhəmiyyətli dərəcədə sadələşdirir. Eyni zamanda, bu model bazarda rəqabəti artırır: banklar və fintexlər daha innovativ məhsullar hazırlamağa, müştəriyə daha rahat və sərfəli xidmətlər təqdim etməyə təşviq olunurlar.
Bundan başqa, bu il Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə bazarında informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində həyata keçirdiyi kompleks tədbirlər çərçivəsində bank sektorunu əhatə edən rəqəmsal fırıldaqçılıq statistikasını ictimaiyyətə açıqladı. Bildirildi ki, məqsəd ictimaiyyətin kibertəhlükəsizlik sahəsində maarifləndirmə və məlumatlılıq səviyyəsinin artırılmasıdır.
Həmçinin bu il Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta ehtiyatlarının diversifikasiya strategiyası çərçivəsində 2021-ci ilin mart ayında Beynəlxalq Hesablaşmalar Bankı (BHB) tərəfindən yaradılmış, ABŞ dollarında denominasiya olunmuş Yaşıl İstiqraz Fonduna investisiya edib.
Ortaq əməkdaşlıqlar
Bu il Milli Depozit Mərkəzi (MDM) Tabadul layihəsi çərçivəsində “Bakı Fond Birjası” QSC (BFB) və “Azər Türk Bank” ASC (ATB) ilə birlikdə Tabadul Ticarət Mərkəzinə qoşulmaq məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Əbu-Dabi Birjası (ADX) ilə birgə Kollektiv Mübadilə Razılaşması imzalayıb. Bildirilib ki, imzalanmış bu razılaşma sayəsində Tabadul Ticarət Mərkəzi, BFB və ADX arasında körpü rolunu oynayaraq hər iki birjanın üzvlərinə qarşılıqlı ticarət etmə imkanı yaradacaq.
Bu həm investorlar, həm də investisiya şirkətləri üçün qarşılıqlı bazarlarda ticarət prosesinin daha sürətli, effektiv və təhlükəsiz təşkilinə imkan verəcək. MDM, daxili bazarda ticarət etmək istəyən hər bir ADX üzvünə onların müştəriləri və öz hesablarına əldə etdikləri qiymətli kağızların hesablaşmalarını və saxlanılmasını həyata keçirmək məqsədilə mərkəzi depozitar sistemində müvafiq olaraq nominal saxlayıcı və depo hesabı açaraq dəstək olacaq.
İlkin mərhələdə BFB və ADX üzvlərinin Tabadul qarşısında ticarət öncəsi pul öhdəliklərinin tanınması və pul hesablaşmalarının həyata keçirilməsi məqsədilə “Azər Türk Bank” hesablaşma agenti kimi təyin edilib.
Tabadul platforması qısa müddətdə bir çox ölkə və region arasında əlaqələrin qurulmasına imkan vermiş, bazarlar arasında ticarət proseslərini daha əlçatan edib.
Platformanın genişlənməsi Tabadulu regional kapital bazarlarında əməkdaşlıq üçün vacib bir mərkəzə çevirir. Bununla yanaşı, Tabadul Ticarət Mərkəzinə qoşulma Azərbaycanda kapital bazarının inkişafına, bu sahədə beynəlxalq əlaqələrin gücləndirilməsinə və bazarın daha rəqabətqabiliyyətli olmasına töhfə verəcək.
Eyni zamanda bu il Azərbaycan və Çin Mərkəzi bankları arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandum pul-kredit siyasəti, maliyyə sektoru, ödəniş sistemləri, maliyyə texnologiyaları və digər sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsinə yönəlib.
İl ərzində həmçinin Azərbaycan və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında “Dövlət-Özəl Tərəfdaşlığı (PPP) sahəsində Bacarıqların Artırılması üzrə Əməkdaşlıq Sazişi” imzalandı.
Bundan başqa, il ərzində “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyi və Qazaxıstan Maliyyəçilər Assosiasiyası arasında Anlaşma Memorandumu imzalandı.
Dövr ərzində daha bir diqqətçəkən məqam Azərbaycanın Beynəlxalq Maliyyə Savadlılığı Şəbəkəsinə tamhüquqlu üzv olması oldu. Belə ki, Azərbaycan Mərkəzi Bankı (AMB) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Beynəlxalq Maliyyə Savadlılığı Şəbəkəsinə (INFE) tamhüquqlu üzv qismində qoşulub.
Bildirib ki, bu üzvlük çərçivəsində qurum şəbəkənin “Maliyyə savadlılığı standartları: tətbiqi və qiymətləndirilməsi”, “Rəqəmsal maliyyə savadlılığı” və “Maliyyə savadlılığı və davamlı maliyyə” üzrə işçi qruplarında iştirak etmək, beynəlxalq səviyyədə hazırlanan siyasət sənədlərinin işlənməsi prosesinə birbaşa cəlb olunmaq, həmçinin mövcud siyasət sənədləri bazasına çıxış əldə etmək hüququ qazanıb. Bununla da, AMB qabaqcıl təcrübələr və yanaşmalarla mütəmadi tanış olmaq imkanından yararlanacaq.
Bundan başqa, bu il Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycanda kapital bazarının inkişafı məqsədilə tənzimləyici bazanın hazırlanması üçün İslam maliyyəsi qrantı” layihəsinin həyata keçirilməsinə texniki yardımın göstərilməsi ilə bağlı İslam İnkişaf Bankı İnstitutuna (IsDBI) müraciət edib. Təşəbbüsün məqsədi Azərbaycanda İslam maliyyələşdirmə alətlərinin, xüsusilə də sukukun tətbiqi üçün əlverişli mühitin yaradılmasına dəstək olmaqdır.
Layihə sukuk və digər İslam maliyyə alətlərinin buraxılması üçün etibarlı hüquqi və tənzimləyici bazanın hazırlanmasına, milli institutların belə əməliyyatlarla bağlı risklərin idarə edilməsi üzrə potensialının gücləndirilməsinə, eləcə də ölkədə İslam maliyyəsinin inkişafını izləmək üçün monitorinq və qiymətləndirmə sisteminin yaradılmasına yönəlib.
Sənəddə qeyd olunur ki, layihənin uğurla həyata keçirilməsi Azərbaycanda ilk sukukun buraxılmasına imkan verəcək ki, bu da maliyyə sektorunun şaxələndirilməsi istiqamətində mühüm addım olacaq.
Beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələri
2025‑ci il maliyyə sektorunun beynəlxalq reytinq baxımından dəyərləndirilməsi olduqca əhəmiyyətlidir. Belə ki, “Moody’s” Azərbaycan iqtisadi dayanıqlığını və diversifikasiya potensialını vurğulayaraq, real ÜDM artımının 2025‑ci ildə 1,5% səviyyəsində olacağını proqnozlaşdırıb. Bundan başqa, “S&P Global Ratings” 2025‑2028‑ci illər üçün ÜDM artımını orta hesabla 1,9% səviyyəsində görür, həmçinin valyuta ehtiyatlarının artımını və cari əməliyyatlar balansının profisitini iqtisadi dayanıqlığın göstəricisi kimi qeyd edib. “Fitch Ratings” isə Azərbaycanın maliyyə göstəricilərini möhkəm hesab edərək reytinqlərini investisiya dərəcəsində saxlayıb. Belə ki, “Fitch Ratings”in qiymətləndirməsinə görə, 2025-ci ildə Azərbaycanda cari əməliyyatlar hesabının profisiti ÜDM-in 4,5%-i səviyyəsində qalacaq, ümumi xarici borcun ÜDM-dəki payı isə 21,1%-ə enəcək. Agentlik həmçinin inflyasiyanın 2025-ci ildə 5,7% təşkil edəcəyini, rəsmi beynəlxalq ehtiyatların isə 11,6 milyard dollar səviyyəsində formalaşacağını proqnozlaşdırıb.
Bu reytinqlər dünya bazarlarında Azərbaycanın kredit etibarlılığına təsir edir və beynəlxalq maliyyə əlaqələrinə müsbət təsir göstərir.
Beləliklə, 2025‑ci il Azərbaycan üçün maliyyə sektorunun bütün elementləri üzrə müsbət dinamika ilə yadda qaldı. Dövlət büdcəsi proqnozlaşdırılan səviyyələri aşdı, bank və sığorta sektorlarında aktiv artımlar qeydə alındı, valyuta ehtiyatları rekord səviyyədə formalaşdı və beynəlxalq reytinq agentlikləri ölkənin dayanıqlığını təsdiqlədi. Bütün bu amillər maliyyə sisteminin sabitliyini təmin etməklə yanaşı, gələcək illər üçün də möhkəm zəmin yaradır.
(Trend)












