İrəvan Tehranla YAXINLAŞIR – Niyə məhz indi?backend

İrəvan Tehranla YAXINLAŞIR – Niyə məhz indi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan regionda nəqliyyat və xarici siyasət prioritetlərini yenidən formalaşdırmağa çalışır. Baş nazir Nikol Paşinyanın son açıqlamaları göstərir ki, İrəvan həm Rusiya ilə mövcud iqtisadi-nəqliyyat münasibətlərinə yenidən baxmaq, həm də İranla əlaqələri daha yüksək siyasi səviyyəyə qaldırmaq niyyətindədir.

Paşinyan ötən həftə Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşdən sonra bildirib ki, Ermənistan hazırda Rusiyanın konsessiya əsasında idarə etdiyi dəmir yolu xətlərinin müəyyən hissələrinin geri qaytarılmasına maraq göstərir. Söhbət əsasən strateji əhəmiyyətə malik Yerasx, İcevan və Axurik istiqamətlərində yerləşən dəmir yolu sahələrindən gedir. Baş nazirin sözlərinə görə, bu xətlər ölkənin regional və beynəlxalq nəqliyyat imkanları baxımından xüsusi önəm daşıyır.

Ermənistan hökuməti Tavuş vilayətində İcevan stansiyasına qədər olan dəmir yolu xəttinin, Azərbaycanla sərhədə yaxın Yerasx istiqamətinin, eləcə də Türkiyə ilə sərhəddə yerləşən Axurik stansiyasınadək olan hissələrin bərpasını prioritet elan edib. Paşinyan qeyd edib ki, İrəvan bu işlərin Rusiya tərəfi ilə əməkdaşlıq çərçivəsində qısa müddətdə icra olunacağına ümid edir və prosesin sürətləndirilməsini vacib sayır.

Nəqliyyat infrastrukturu ilə bağlı bu planlarla paralel olaraq Ermənistanın xarici siyasətində də yeni istiqamətlər formalaşır.

Paşinyanın açıqlamasına görə, rəsmi İrəvan İranla münasibətləri daha dərin səviyyəyə çıxarmaq niyyətindədir və yaxın perspektivdə Tehranın iştirakı ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalanması gündəmdədir. Ermənistan rəhbərliyi bu addımı regional sabitlik və iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm hesab edir.

Lakin suallar da az deyil. İrəvan–Tehran münasibətlərinin strateji sənəd səviyyəsinə yüksəldilməsi niyə məhz indi aktuallaşıb? İndiyədək belə bir sənədin imzalanmamasının səbəbi nə olub? Bu yaxınlaşma regiondakı digər aktorlar, xüsusilə Azərbaycan üçün hansısa risk və ya narahatlıq yarada bilərmi? Eyni zamanda, oxşar məzmunlu strateji əməkdaşlıq sənədinin Bakı ilə Tehran arasında imzalanması perspektivi də diqqət mərkəzindədir.

Azər Hüseynov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərçi Azər Hüseynov qeyd edib ki, İran ilə Ermənistan arasında logistika və nəqliyyat sahəsində imzalanması gündəmdə olan hər hansı bir saziş ilk baxışda müəyyən narahatlıqlar yarada bilər:

“Lakin prosesə daha geniş regional kontekstdən yanaşdıqda, bu cür razılaşmaların mütləq şəkildə siyasi təhlükə kimi qiymətləndirilməsi doğru olmaz. Xüsusilə son dövrlərdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında da nəqliyyat, tranzit və logistika sahələrində bir sıra qarşılıqlı sənədlərin imzalanması onu göstərir ki, region ölkələri iqtisadi əlaqələri genişləndirmək xəttini seçiblər”.

Azər Hüseynovun sözlərinə görə, bu baxımdan İran–İrəvan arasında mümkün logistika razılaşmasına siyasi deyil, daha çox iqtisadi prizmadan yanaşmaq daha rasional görünür:

“Regionda yerləşən dövlətlərin qarşılıqlı iqtisadi asılılıq mexanizmlərinə cəlb olunması, ümumilikdə təhlükəsizlik mühitinin yumşalmasına, gərginliyin azalmasına və qarşıdurma risklərinin minimuma enməsinə xidmət edə bilər. İqtisadi inteqrasiya xüsusilə nəqliyyat və logistika kimi sahələrdə, siyasi dialoqun da dolayısı ilə sabitləşməsinə təsir göstərən amillərdən biridir. Əsas məsələ ondan ibarətdir ki, imzalanacaq hər hansı bir müqavilə Azərbaycanın bölgədəki milli, iqtisadi və siyasi maraqlarına birbaşa və sistemli şəkildə mənfi təsir göstərməsin. Əgər söhbət hərbi-strateji mahiyyət daşımayan, regional kommunikasiya xətlərinin işləkliyinə yönəlmiş texniki-logistik anlaşmalardan gedirsə, bu cür sənədləri sıradan iqtisadi razılaşmalar kateqoriyasına aid etmək mümkündür. Belə razılaşmalar nə regional güc balansını dəyişir, nə də Azərbaycanın mövqelərini zəiflədən fundamental nəticələr doğurur”.