Repetitorluq LƏĞV EDİLİR? – Abbaszadənin açıqlaması ARANI QATDIbackend

Repetitorluq LƏĞV EDİLİR? – Abbaszadənin açıqlaması ARANI QATDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər ölkədə ali məktəblərə qəbul imtahanı ilə bağlı müzakirələrə səbəb olan məsələlərdən biri də dərs vəsaitləridir. Belə ki, məktəblərdə şagirdlərin dərs vəsaitlərindən öyrəndikləri ilə qəbul imtahanlarında təqdim edilən materiallar arasında uyğunsuzluq olduğu deyilir.

Bunu isə müvafiq qurumlar onunla izah edirlər ki, Dövlət İmtahan Mərkəzinin (DİM) hazırladığı proqramla məktəb proqramı uyğun gəlmir. Nəticədə isə şagirdlər çıxış yolu kimi repetitorlara üz tuturlar.

Bu günlərdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib ki, repetitora ehtiyac yoxdur:

“Bizim nəşr etdiyimiz dərs vəsaitlərini oxumaq kifayətdir. Uşaq nizam-intizamlıdırsa, öz üzərində işləməyi bacarırsa, repetitora ehtiyac yoxdur. Erkən yaşlardan müstəqilliyi, özü qərar verməyi, informasiyanı əldə etməyi, oxumağı, dərslərinə məsuliyyətlə yanaşmağı uşaqlarda formalaşdıra bilsək, repetitorluq da sıradan çıxacaq”.

M.Abbaszadə nə dərəcədə haqlıdır, onun dediyi yolla repetitorluğun aradan qalxması mümkündür?

Fuad Hacıyev

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan təhsil eksperti Fuad Hacıyev qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin “DİM-in vəsaitlərini oxuyan şagirdin repetitora ehtiyacı yoxdur” fikri nəzəri baxımdan doğru, lakin mövcud təhsil reallıqları fonunda praktik olaraq yetərli deyil:

“Əgər məktəb proqramı ilə qəbul imtahanlarının tələbləri tam uzlaşsaydı, müəllimlər şagirdlərdə analitik düşüncə, mətnlə işləmə və test texnikası bacarıqlarını sistemli şəkildə formalaşdırsaydı, bu fikir tam əsaslı olardı. Lakin bu gün Azərbaycanda repetitorluq tənbəllikdən yox, sistemin boşluqlarından yaranan zərurətdir”.

Ekspertin sözlərinə görə, reallıq ondan ibarətdir ki, məktəbdə mövzu ötürülür, imtahanda isə analiz tələb olunur:

“Siniflərin sıxlığı müəllimə fərdi yanaşma imkanı vermir; DİM-in vəsaitləri yüksək oxu və məntiq bacarığı tələb edir, amma bu bacarıqlar məktəbdə ardıcıl şəkildə formalaşdırılmır. Bu səbəbdən repetitorlar əslində alternativ yox, körpü rolunu oynayırlar”.

Fuad Hacıyev qeyd edib ki, xarici təcrübəyə baxsaq, inkişaf etmiş ölkələrdə repetitorluğun minimum səviyyədə olmasının səbəbi qadağalar deyil, məktəbin imtahana real şəkildə hazırlamasıdır. Yəni problemin həlli repetitorluğu “lüzumsuz elan etməkdə” yox, onu lüzumsuz edən sistem qurmaqdadır:

“Hesab edirəm ki, repetitorluğun sıradan çıxması mümkündür, lakin bu yalnız məktəb–imtahan–qiymətləndirmə zəncirində struktur dəyişikliklər aparıldıqdan sonra real ola bilər. Əks halda, bu cür çağırışlar yaxşı niyyətli olsa da, cəmiyyətdə gözlənti ilə reallıq arasında uçurumu daha da artırır. Yəni öz gözündə tiri görməyən, başqasında çöp axtarır”.