Fələstin radikal hərəkatı HƏMAS öz hərbi qanadı – “İzzəddin əl-Qəssam Briqadaları”nın rəhbərinin və rəsmi sözçüsünün öldürüldüyünü rəsmən təsdiqləyib.
NOCOMMENT.az xəbər verir ki, bununla bağlı açıqlama hərəkatın hərbi qanadının yeni nümayəndəsi tərəfindən verilib. Onun adı hələlik açıqlanmayıb.
Açıqlamada bildirilib ki, “İzzəddin əl-Qəssam Briqadaları”nın komandiri Məhəmməd Sinvar Qəzza zolağında gedən döyüşlər zamanı öldürülüb. Eyni zamanda, qruplaşmanın uzun illər rəsmi sözçüsü olmuş Əbu Ubeydanın da həlak olduğu təsdiqlənib. Yeni nümayəndə vurğulayıb ki, hər iki şəxsin ölümü hərəkatın fəaliyyətini dayandırmayacaq və onların “yolu davam etdiriləcək”.
Qeyd olunur ki, İsrail təhlükəsizlik qüvvələri son dövrlərdə Qəzza zolağında HƏMAS-ın mövqelərinə və liderlərinə qarşı intensiv hava zərbələri və xüsusi əməliyyatlar həyata keçirib. Bu hücumlar nəticəsində “İzzəddin əl-Qəssam Briqadaları”nın bir çox yüksək rütbəli komandiri məhv edilib.
Xatırladaq ki, 2024-cü ilin oktyabrında İsrail Qəzzada HƏMAS-ın əsas liderlərindən biri olan Yəhya Sinvarı zərərsizləşdirmişdi. Onun ölümündən sonra kiçik qardaşı Məhəmməd Sinvar həm HƏMAS-ın Qəzza zolağındakı rəhbəri, həm də hərbi qanadın başçısı kimi fəaliyyət göstərməyə başlamışdı.
İsrail ordusu və daxili təhlükəsizlik xidməti ŞABAK-ın məlumatına görə, 2025-ci ilin mayında Xan-Yunis şəhərində Avropa Xəstəxanasının altındakı tunellərdə yerləşən komanda məntəqəsinə hava zərbəsi endirilib. İsrail tərəfi həmin əməliyyat zamanı Məhəmməd Sinvarın və digər yüksək rütbəli komandirlərin məhv edildiyini bildirib. Bir neçə həftə sonra onun cəsədinin xəstəxananın altındakı yeraltı tunellərdə tapıldığı açıqlanıb.
Sinvarın ölümü ilə bağlı məlumatlar uzun müddət mediada müzakirə olunsa da, HƏMAS yalnız 29 dekabr 2025-ci il tarixində onun Qəzzada gedən döyüşlər zamanı həlak olduğunu rəsmi şəkildə təsdiqləyib.
Bundan əlavə, İsrail təhlükəsizlik qüvvələri 2025-ci ilin avqust ayının sonunda Qəzzanın Əl-Rimal bölgəsində həyata keçirilən hava zərbəsi nəticəsində “İzzəddin əl-Qəssam Briqadaları”nın rəsmi sözçüsü Əbu Ubeydanın öldürüldüyünü açıqlayıb. İsrail tərəfi zərbənin 30 avqust 2025-ci ildə endirildiyini və sonradan Əbu Ubeydanın ölümünün təsdiqləndiyini bildirib.













