“Dəvə qutabı” adı ilə satılan ətlər: Vətəndaşlar restoranlarda belə ALDADILIRbackend

“Dəvə qutabı” adı ilə satılan ətlər: Vətəndaşlar restoranlarda belə ALDADILIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qida təhlükəsizliyi baxımından restoran və kafelərdə aparılan araşdırmalar zamanı “dəvə qutabı” adı altında satılan məhsulların həqiqətən dəvə ətindən olub-olmaması mütləq şəkildə baytarlıq nəzarəti və sənədlərlə təsdiqlənməlidir. Belə araşdırmalar aparılmırsa və təqdim olunan məhsulun mənşəyi ilə bağlı heç bir rəsmi sənəd yoxdursa, bu artıq istehlakçı hüquqlarının pozulması deməkdir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlama qida eksperti İlkin Şirinov deyib.

O, bildirib ki, əgər “dəvə əti” adı altında müştəriyə təqdim olunan qida əslində dəvə ətindən deyilsə, bu açıq şəkildə aldadılma halıdır:

“Üstəlik, ətin baytarlıq arayışı yoxdursa, onun haradan gətirildiyi, hansı şəraitdə saxlanıldığı və sağlamlıq üçün təhlükəsiz olub-olmadığı da sual altına düşür. Belə hallarda istehlakçılar üçün ciddi sağlamlıq riskləri yarana bilər”.

Ekspert bildirib ki, məsələnin digər mühüm tərəfi isə ondan ibarətdir ki, hazırda Azərbaycanda kütləvi şəkildə fəaliyyət göstərən dəvə təsərrüfatları mövcud deyil:

“Dəvələr əsasən yarımsəhra ərazilərində, rayonlarda fərdi təsərrüfatlarda saxlanılır və bu təsərrüfatlarda da adətən 5, 10, maksimum 20–50 baş dəvə olur. Bu isə o demək deyil ki, hər gün qoyun və ya iribuynuzlu mal-qara kimi kütləvi dəvə kəsimi mümkündür. Reallıqda bu cür fərdi təsərrüfatlarda ay ərzində cəmi 1–2, bəzən isə maksimum bir neçə dəvə kəsilə bilər. Halbuki bu gün bəzi restoranlarda, xüsusən də dənizkənarı məkanlarda “dəvə qutabı” adı altında gündə onlarla kiloqram ətin satıldığı iddia olunur. Sadəcə bir restoranda gün ərzində 30–50 kiloqram dəvə əti satıldığı qəbul edilsə, bu, ümumilikdə tonlarla dəvə ətinin dövriyyədə olması deməkdir ki, bu da mövcud təsərrüfat imkanları ilə real deyil”.

Onun sözlərinə görə, məhz bu ziddiyyətlər ciddi şübhələr yaradır və haqlı olaraq istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir:

“Buradan belə nəticəyə gəlmək olar ki, bəzi restoranların bu cür fəaliyyəti risklidir, təhlükəlidir və aldadıcı xarakter daşıyır. Söhbət artıq təkcə yanlış təqdimatdan deyil, mənşəyi məlum olmayan ətin satışından və bunun yaratdığı sağlamlıq təhlükəsindən gedir”.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalar zamanı bəzi restoran və kafelərdə “dəvə qutabı” adı ilə təqdim olunan məhsulların tərkibi ilə bağlı şübhələr aşkarlanıb.