31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yalnız təqvimdə bir işarə deyil. Bu, min illərlə yoğrulmuş ruhumuzun, tarix boyu başına saysız-hesabsız bəlalar gəlmiş xalqın sarsılmaz birliyinin rəmzidir.
Bu tarix hər bir azərbaycanlının qəlbində yaşayan o isti bağ, birliyimizin, həmrəyliyimizin əbədi simvoludur. Bu gün biz yalnız bayram etmirik; biz öz tarixi yaddaşımızı, milli kimliyimizi, torpağa və bir-birimizə olan bağlılığımızı təzələyirik.
SSRİ dönəmində xalqımızın taleyi parçalanmış, ürəkləri süni sərhədlərlə ayrılmışdı. Arazın o tayı ilə bu tayı arasında çəkilmiş tikanlı məftillər sadəcə torpaqları ayırmır, qəlbləri də bərkidirdi. Amma məftillər, divarlar, sərhədlər heç vaxt xalqın ruhuna toxuna bilmədi. O dövrün ucsuz-bucaqsız kədəri arasında belə insanlar bir-birini unutmurdu, öz dilini, adət-ənənəsini, mahnısını yaşadırdı. 1989-cu ilin dekabrında həmin sərhədlərin və tikanlı məftillərin sökülməsi təkcə fiziki bir azadlıq deyildi; bu, qorxunun, süni ayrılığın darmadağın edilməsi, qəlblərin bir yumruqda birləşməsi idi. Hər daşın altında, hər məftilin arxasında sanki Azərbaycan ruhu dayanmışdı – “Biz birik, biz ayrı düşməyəcəyik!”

Tarix boyu başına bəlalar gəlmiş bu xalq, nə qədər sınaqlara məruz qalsa da, milli kimliyindən heç vaxt imtina etməyib. İşğallar, deportasiyalar, soyqırımlar, dil və mədəniyyətə yönəlmiş təzyiqlər – bütün bunlara baxmayaraq Azərbaycan xalqı varlığını qoruyub saxlayıb. Bu xalqın hər nəfəsi, hər ürək döyüntüsü, hər mahnısı bir azadlıq əfsanəsidir.
Bu həmrəyliyin dövlətçilik səviyyəsində rəmzi isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyuldu. 1991-ci ildə onun təşəbbüsü ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi rəsmiləşdirildi. Bu sərəncam sadəcə bir bayram təyin etmə əmri deyildi; bu, uzun əsrlər boyu parçalanmış, ayrı düşmüş, amma ruhu sındırılmamış bir xalqın özünə qayıdışı idi. Heydər Əliyev çıxışlarında dəfələrlə vurğulayırdı: “Bizim gücümüz birliyimizdədir. Dünya azərbaycanlıları arasında əlaqələrin möhkəmlənməsi milli maraqlarımızın əsas şərtidir”. O, yalnız sözlərlə deyil, əməli siyasətlə də bu həmrəyliyi möhkəmləndirdi. Xaricdə yaşayan azərbaycanlılar dövlət dəstəyini hiss etdi, təşkilatlanaraq milli maraqlar ətrafında birləşdilər. Hər bir diaspora tədbiri, hər bir mədəni görüş, hər bir forum – həmrəylik üçün bir addım oldu.

Bu xətti qətiyyətlə davam etdirən Prezident İlham Əliyev Azərbaycan xalqının birliyini yalnız formal bir anlayış kimi saxlamadı; onu həyatın hər sahəsinə, hər qərara, hər səngərə daşıdı. Prezidentin rəhbərliyi ilə Azərbaycan təkcə regionda deyil, dünyada da söz sahibi olan güclü dövlətə çevrildi. Xaricdə yaşayan azərbaycanlıların milli kimliklərini qoruması, tarixi həqiqətlərin dünyaya çatdırılması dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. İlham Əliyev dəfələrlə qeyd edib: “Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycan dövlətinin diqqət mərkəzindədir.” Bu sözlər xalqın ürəyində inam yaratdı, minlərlə kilometr uzaqda yaşayan insanları bir bayrağın altında topladı, bir millətin hisslərinə qovuşdurdu.
Bu həmrəyliyin ən parlaq və təntənəli ifadəsi isə 44 günlük Vətən müharibəsində özünü göstərdi. Azərbaycan xalqı təkcə cəbhədə deyil, mənəvi cəbhədə də bir yumruq kimi birləşdi. Əsgərlər səngərdə, analar və uşaqlar evdə, gənclər sosial şəbəkələrdə, diaspor isə xaricdə – hər kəs eyni amal uğrunda, eyni sevgiylə birləşmişdi. Bu birlik torpaqlarımızın azadlığına gedən yolun ən güclü silahı oldu. Dünyanın hər kəsi gördü ki, Azərbaycan xalqı parçalanmış deyil, əksinə, tarixin sınaqlarından çıxaraq daha da möhkəmlənmiş bir xalqdır.
31 Dekabr bizə keçmişimizi xatırladır, amma yalnız xatırlatmaqla kifayətlənmir. Bu gün biz gələcəyə baxır, birliyimizin simvolunu yeniləyir, özümüzə və dünyaya bir daha nümayiş etdiririk: biz bir millətik, biz birik, və harada yaşamağımızdan asılı olmayaraq Azərbaycan adını uca tutacağıq. Qəlbimizdəki o isti bağ, bu torpaqdan gələn nəbz, birliyin gücü və vətən sevgisi heç vaxt sönməyəcək; əksinə, hər yeni nəsildə daha parlaq, daha güclü və daha əbədidir.

31 Dekabr yalnız bir tarix deyil; bu gün Azərbaycan xalqının dirçəlişi, öz milli kimliyini qoruması, keçmişin yaralarını sağaldaraq gələcəyə inamla baxmasının simvoludur.
Bu gün biz qürurla deyə bilərik: Azərbaycan xalqı həmrəylikdədir, Azərbaycan xalqı diridir, Azərbaycan xalqı gələcəyə ümidlə baxır.
Yaşasın həmrəyliyimiz! Yaşasın BİRLİYİMİZ! Yaşasın AZƏRBAYCAN!
Elşən HƏSƏNOV,
NoComment.az İnformasiya Portalının təsisçisi










