İşçilərin iş yerinin və orta əməkhaqqının saxlandığı hallarda dəyişiklik edilir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əməkhaqqı ödənilməlidir.
Layihədə sözügedən müddəanın qanunvericilikdən çıxarılması təklif edilir.
Həmçinin mövcud qanunvericiliyə görə, hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda işçinin iş yeri və orta əməkhaqqı saxlanılır.
Layihəyə əsasən, hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi təlim, yoxlama, xüsusi toplanışlarda və fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) cəlb etdiyi digər tədbirlərdə (hərbi qeydiyyat, xüsusi hərbi ixtisaslar üzrə hazırlıq, çağırışçıların tibbi müayinəsi, hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlər və s.) iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda işçinin iş yeri və orta əməkhaqqı saxlanılacaq.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib. (Qafqazinfo)













