Azərbaycanda təhsillə bağlı YENİ QƏRAR verilə bilər – Əgər bu olsa…backend

Azərbaycanda təhsillə bağlı YENİ QƏRAR verilə bilər – Əgər bu olsa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəblərin 12 illik təhsil sisteminə keçidi məsələsi Azərbaycanda müzakirə olunur. Bu keçid zəruri olmaqdan çox, təhsilin keyfiyyətini artırmaq, Avropa standartlarına uyğunlaşdırmaq və şagirdləri daha yaxşı hazırlamaq üçün bir ehtiyac kimi görünür.

Ekspertlər isə bu prosesi artıq gecikmiş hesab edir, bəziləri isə onun vacib olmadığını bildirir. 12 illik sistemin tərəfdarları bunun beynəlxalq aləmdə tanınma və proqramların modernləşdirilməsi üçün vacib olduğunu vurğulayırlar.

Elçin Əfəndi

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, hal-hazırda ölkəmiz artıq 10 illik təhsil sisteminə doğru irəliləyir:

“Əgər məktəbə hazırlıq qruplarını ilkin mərhələ kimi nəzərə alsaq, bu sistem məktəbəqədər hazırlıqla başlayıb XI sinfi bitirməklə yekunlaşır və faktiki olaraq 12 illik dövrü əhatə edir. 10 illik sistemin tətbiqi daha çox yuxarı siniflərdə, xüsusilə X və XI siniflərdə şagirdlərin ixtisas istiqamətinin müəyyənləşdirilməsi zamanı əhəmiyyət kəsb edir. Bu mərhələni bir növ bakalavr təhsilinin ilkin mərhələsi kimi qəbul etmək mümkündür. Əgər bu yanaşma tətbiq olunarsa, 10 illik sistemə keçid daha məntiqli və funksional olacaq. Hazırda məktəbə hazırlıq qruplarına uşaqlar bir il əvvəlcədən başlayırlar. Bu mərhələni də daxil etsək, artıq ibtidai təhsil səviyyəsində 12 illik ardıcıl təhsil dövrü formalaşır. Məqsəd ümumi təhsil müddətini məktəbəqədər hazırlıqla birlikdə 11 ilə çatdırmaqdırsa, bu müəyyən qədər əsaslandırıla bilər. Lakin əsas amil odur ki, yuxarı siniflərdə, xüsusilə XI sinifdə şagirdlər gələcək ixtisas istiqamətlərini müəyyənləşdirirlər”, – deyə ekspert bildirib.

Elçin Əfəndi vurğulayıb ki, yuxarı siniflərdə ixtisaslaşma üzrə hazırlığın aparılması 10 illik sistemin tətbiqini zəruri edə bilər.

“Əks halda, təhsil müddətini sadəcə illə artırmaq – yəni 12 ilə çıxarmaq – əlavə vaxt və maliyyə itkisinə səbəb olacaq. Əgər sistem səmərəli qurulmasa, bu yalnız əlavə yük yaradacaq və ciddi nəticə verməyəcək”, – ekspert əlavə edib.

Məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən əlavə təhsil üzrə ekspert Fuad Hacıyev isə daha fərqli mövqedən yanaşıb.

Fuad Hacıyev

Onun fikrincə, 12 illik təhsil sisteminə keçidin əsas məqsədi yalnız beynəlxalq standartlara uyğunluq deyil, həm də şagirdlərin təhsil keyfiyyətinin yüksəldilməsi və ixtisas seçiminin daha erkən mərhələdə təmin olunmasıdır:

“12 illik sisteminin tətbiqi, əlbəttə ki, əlavə maliyyə və infrastruktur tələb edir, lakin uzunmüddətli perspektivdə bu, şagirdlərin akademik hazırlığının daha səmərəli olmasına səbəb olacaq. Xüsusilə 10-11-ci siniflərdə ixtisas seçimlərinin sistemli şəkildə aparılması, onları gələcək universitet təhsilinə daha hazırlıqlı edir. Hazırkı 11 illik sistemdə bu mərhələlər kifayət qədər optimallaşdırılmayıb və şagirdlər seçimlərini gecikmiş şəkildə edir” , – deyə ekspert qeyd edib.

Hacıyev əlavə edib ki, 12 illik təhsil həm də əcnəbi universitetlərə qəbul imkanlarını artırır, tələbələrin beynəlxalq proqramlarda iştirakını asanlaşdırır və ölkənin ali təhsil sisteminin nüfuzunu yüksəldir:

“Təhsilin keyfiyyətini artırmaq üçün əlavə illərin əlavə yük deyil, strateji investisiya kimi dəyərləndirilməsi vacibdir. Əgər sistem səmərəli planlaşdırılarsa, bu həm dövlət, həm də şagirdlər üçün faydalı olacaq”.

Onun sözlərinə görə, 12 illik sistemə keçid yalnız illərin artırılması ilə ölçülməməlidir, yeni proqramlar, ixtisas seçimləri və müəllim hazırlığı ilə birgə aparılmalıdır:

“Əks halda, sadəcə bir il əlavə etmək praktik nəticə verməyəcək. Əsas məsələ təhsil keyfiyyətinin yüksəldilməsi və şagirdlərin fərdi ixtisas maraqlarının erkən müəyyənləşdirilməsidir”.