Həkim faiz vermədiyinə görə işdən çıxarıldı – ŞOK İDDİAbackend

Həkim faiz vermədiyinə görə işdən çıxarıldı – ŞOK İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda həkim-radioloq vəzifəsində çalışan Abdullayev Ramil Şakir oğlu Musavat.com-dan kömək istəyir. 6 ildir institutda çalışan həkim çox çətin durumla üzləşdiyini deyir.

NOCOMMENT.az xəbər verir ki, o, institutun direktoru Mətanət Əfəndiyeva tərəfindən uzun müddət davam edən təzyiq, hədə-qorxu, qanunsuz tələblər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə üzləşdiyini iddia edir.

R.Abdullayevin sözlərinə görə, son bir neçə ay ərzində direktor ondan hər ay aldığı bonusların yarısını ona verməsini tələb etmiş, imtina etdikdə isə açıq şəkildə bildirib ki, pul verib sənin yerinə işə düzəlmək istəyənlər çoxdur: “Xəstəxanada yeganə həkim-rentgenoloq olduğum üçün üzərimə düşən iş yükü normadan artıqdır və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən bu səbəbdən bonuslar ödənilir. Bonus verməkdən imtina etdiyim üçün direktor tərəfindən qanunsuz şəkildə mənə gündə 25 müayinədən artıq etməyə qadağa qoyulub, xəstələrə talon verilməsi dayandırılıb, iş vaxtım bitməsinə baxmayaraq xəstə qəbulu aparmağıma icazə verilmir.

2025-ci ilin oktyabr ayında məzuniyyətdə olduğum müddətdə direktor qanunsuz olaraq əlavə həkim-rentgenoloq ştatı açmış, saxta müsabiqə təşkil edərək, digər daha təcrübəli namizədlər olduğu halda, radiologiya şöbəsinin müdiri Şəfiqə Əliyevanın yaxın rəfiqəsini işə götürüb. Bununla yanaşı, 26 noyabr 2025-ci il tarixində radiasiya təhlükəsizliyinə cavabdeh şəxs statusundan azad edilməyimlə bağlı müraciət etsəm də, ekspert komissiyasının mənim xeyrimə verdiyi qərara baxmayaraq direktor sərəncam verməkdən imtina edib. 25 dekabr 2025-ci il tarixində isə mənim iştirakım olmadan qanunsuz iclas keçirərək dövlət sənədlərini saxtalaşdırıb, məni işdən çıxarıblar. Bundan əlavə, direktorun rəhbərliyi dövründə xəstəxana üçün alınan avadanlıqların iki-üç dəfə baha qiymətə, saxta tenderlər yolu ilə əldə edilməsi, dövlət vəsaitinin israf olunması halları mövcuddur. 2019-cu ildən etibarən xəstəxanada rentgen texniki olmadan tək fəaliyyət göstərmiş, dəfələrlə müraciət etməyimə baxmayaraq bu problem aradan qaldırılmamış, mən həm həkim, həm də texnik kimi işləməyə məcbur edilmişəm. Təsəvvür edin ki, bu il 9 oktyabr tarixində kabinetimdə rəhbərlik tərəfindən yerləşdirilmiş dinləyici qurğu aşkar edildi. Kabinetimin açarının digər nüsxəsi isə, xəstəxananın təsərrüfat şöbəsinin müdiri Cavanşir Tanrıverdidə olub. İndi görün mən hansı təhlükəli şəraitdə çalışmışam.

Aidiyyatı qurumlardan xahiş edirəm ki, mənə köməklik göstərsinlər. Qeyd etdiyim faktlar yaxından araşdırılsa, hər kəs görər ki, Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda hansı qanunsuzluqlar baş verir”.

Yazıda adı keçən şəxslərlə əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı. Musavat.com olaraq, qarşı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.