30 dekabr 2025-ci il tarixində gecə saatlarında Astara rayonunun Şahağac kənd sakini, 1997-ci il təvəllüdlü balıqçı Turan Eyvaz oğlu Həsənovun Xəzərin İran tərəfində tapılan meyiti Azərbaycan tərəfə təhvil verilib. Turanın atası Eyvaz Həsənov NOCOMMENT.az-a açıqlamasında bildirib ki, İran tərəfdə 12 gün qalıb və oğlunun cəsədini böyük əzab-əziyyətlə, Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovun dəstəyi ilə ölkəyə gətirə biliblər.
“İran tərəfindən bizə məlumat verildi ki, tapılıb sizin oğlunuz. Çəkiliş edib atdılar bizə. Baxdıq, təsdiqləndi ki, həqiqətən oğlumdur. Mən çıxdım o əraziyə, 12 gün orada qaldım. Mənə çox əzab-əziyyət verdilər, incitdilər. Cəsədi vermirdilər… Sağ olsun bizim xarici işlər naziri Ceyhun Bayramov, onun vasitəsilə alıb verdilər cəsədi,” – Eyvaz Həsənov bildirib.

Həsənov əlavə edib ki, İran tərəfi cəsədin verilməsində gecikməyə əsas gətirərək iddia edirdi ki, Azərbaycan tərəfindən şikayət olunub. Buna baxmayaraq, ailə bütün hüquqi sənədləri təqdim edib və notariat qaydasında şikayət etmədiklərini təsdiqləyib. Buna baxmayaraq, cəsəd yalnız XİN-in diplomatik müdaxiləsi ilə Azərbaycana gətirilib.
Dekabrın 19-da Ağadədə Turan Həsənovun meyiti Xəzər dənizində tapılıb və aidiyyəti üzrə təhvil verilib.

Məsələ ilə bağlı siyasi ekspert Samir Əsədli NOCOMMENT.az-a bildirib ki, Azərbaycan vətəndaşının xarici ölkədə vəfat etdikdən sonra cəsədinin təhvil verilməsində 12 gün gecikmə və maneələrin yaradılması qəbuledilməzdir:
“İranın hərəkətləri həm hüquqi, həm humanitar baxımdan ciddi narahatlıq doğurur.
Burada yalnız vətəndaşın cəsədinin verilməməsi məsələsi deyil, həm də diplomatik gərginliyin və sərhəd əməkdaşlığının zəifliyinin nəticəsi açıq şəkildə görünür. Azərbaycanlı ailənin bütün sənədləri təqdim etməsinə baxmayaraq, İran tərəfi cəsədi verməkdən imtina edib, qeyri-dəqiq və əsassız iddialar irəli sürüb. Bu, humanitar prinsip və beynəlxalq hüquq normalarına tamamilə ziddir. İnsanların itkin düşməsi və vəfat etməsi hallarına münasibətdə belə gecikmələr, həmçinin əzab-əziyyət verilməsi, qarşı tərəfin siyasi manipulyasiya vasitəsi kimi humanitar məsələləri istifadə etməsi, regional münasibətlərdə gərginliyin dərinləşməsinə xidmət edir”.
Əsədli qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin müdaxiləsi olmadan bu cəsədi ölkəyə gətirmək mümkün deyildi:
“Bu fakt bir daha göstərir ki, Azərbaycanın diplomatik qurumları və rəhbərliyi vətəndaşlarının hüquqlarının qorunmasında qətiyyətli və fəaldır. Bu cür halların təkrar olunmaması üçün sərhəd və humanitar məsələlər üzrə ikitərəfli mexanizmlərin gücləndirilməsi vacibdir. Əks halda, İran tərəfinin belə qeyri-peşəkar, bəzən qərəzli yanaşmaları vətəndaşlarımız üçün ciddi təhlükə və humanitar risk yaratmağa davam edəcək.”
“Bu hadisə həm də İranın regional siyasətdə bəzən humanitar məsələləri siyasi manipulyasiya vasitəsi kimi istifadə etdiyini göstərir.
Vətəndaşların hüquqları və həyatına hörmət beynəlxalq münasibətlərin əsas prinsiplərindən biridir. Bu prinsiplərin pozulması isə gərginliyi artırır, inamsızlıq yaradır və iki ölkə arasındakı münasibətlərin etibarlılığına ciddi zərbə vurur”.













