Xəbər verdiyimiz kimi, xəstəxananın hemodializ şöbəsində yerləşən sanitar qovşaq təyinatından kənar istifadə olunur.
Bu barədə Respublika Klinik Xəstəxanasından NOCOMMENT.az -ın sorğusuna cavab verilib.
Xəstəxanadan verilən məlumatda bildirilir ki, Respublika Klinik Xəstəxanasında aparılan təmir və bərpa işləri ilə əlaqədar Hemodializ-2 müvəqqəti olaraq digər binaya köçürülüb:
“Bu proses çərçivəsində şöbənin əşyaları da müvəqqəti olaraq yeni binaya daşınıb.
Hemodializ şöbəsində stasionar yatış olmadığı üçün orada mətbəx nəzərdə tutulmayıb.
Hazırda şöbədə yerləşdirilmiş stol və elektrik çaydan müvəqqəti olaraq saxlanılır və mətbəx üçün nəzərdə tutulmuş otağa keçirilməsi məqsədilə müvəqqəti yerləşdirilib.
Qeyd edirik ki, həmin otaq hələ sanitar qovşaq üçün istifadəyə verilməyib”.
***18:08
Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hemodializ şöbəsində ciddi sanitar-epidemioloji qayda pozuntusu aşkarlanıb.
NOCOMMENT.az xəbər verir ki, Xüsusi.Tv-nin qaynar xəttinə daxil olan məlumat və təqdim edilən fotoşəkillər vəziyyətin nə dərəcədə ciddi olduğunu açıq şəkildə nümayiş etdirir.
Müraciət edən vətəndaşın bildirdiyinə görə, xəstəxananın hemodializ şöbəsində yerləşən sanitar qovşaq təyinatından kənar istifadə olunur. Belə ki, sanitar qovşağın daxilində masa yerləşdirilərək mətbəx şəraiti yaradılıb, elektrik su qızdırıcısı quraşdırılıb və bu məkan faktiki olaraq yemək hazırlanan otağa çevrilib. Fotolardan da aydın görünür ki, unitazın yerləşdiyi eyni məkanda məişət avadanlıqlarından istifadə edilir ki, bu da həm gigiyenik, həm də tibbi baxımdan yolverilməz haldır.
Xüsusilə ağır xəstələrin müalicə aldığı hemodializ şöbəsində bu cür kobud sanitar pozuntuların mövcudluğu ciddi narahatlıq doğurur. Mütəxəssislərin fikrincə, belə hallar infeksiya riskini dəfələrlə artırır və xəstələrin sağlamlığı üçün real təhlükə yaradır.
Qeyd edək ki, mövcud vəziyyət “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunun tələblərinə ziddir və bu cür hallara yol verilməsi məsuliyyət yaradır.










