Xəbər verdiyimiz kimi, ötən gün Finlandiya sahillərində lövbər salmış, Sent-Vinsent və Qrenadin adaları bayrağı altında üzən Fitburg adlı quru yük gəmisi Finlandiyanın “Elisa” telekommunikasiya şirkətinə məxsus sualtı kabelə ziyan vurub.
Finlandiya Sahil Mühafizəsi dərhal helikopterlərin də cəlb olunduğu xüsusi əməliyyat keçirib. Gəminin 14 ekipaj üzvü saxlanılıb. Onların arasında Rusiya, Azərbaycan, Qazaxıstan və Gürcüstan vətəndaşları var. Bildirilir ki, gəmi Rusiyanın Sankt-Peterburq limanından İsrailin Hayfa limanına doğru hərəkət edirmiş.
NOCOMMENT.az bildirir ki, Finlandiya hüquq-mühafizə orqanları sualtı telekommunikasiya kabelinin zədələnməsinin diversiya xarakteri daşıya biləcəyi ehtimalını istisna etmirlər. Xüsusilə qeyd olunur ki, son illərdə Baltik dənizində bu cür hadisələr dəfələrlə baş verib və əksər hallarda Rusiyanın sözdə “kölgə donanması”na aid gəmilərlə əlaqələndirilib.
Saxlanılan *Fitburg* ticarət gəmisi “Fitburg Shipping Co Ltd” şirkətinə məxsusdur və Türkiyədə yerləşən “Albros Shipping & Trading Ltd” tərəfindən idarə olunur.
“Albros Shipping & Trading Ltd” onlarla quru yük gəmisi və tankerə sahibdir və Rusiya, Azərbaycan və Türkiyə bazarlarında fəaliyyət göstərir. Şirkətin törəmə strukturları da mövcuddur, o cümlədən Sankt-Peterburqda ofisi olan “Albros-Petersburg” şirkəti.
“Albros Shipping & Trading Ltd” Türkiyənin ən iri gəmiçilik şirkətlərindən biri hesab olunur. Beynəlxalq kommersiya reyestrinin məlumatına görə, şirkətin təsisçisi və əsas səhmdarı Azərbaycandan olan türk iş adamı Raim Alekperovdur. Şirkətin 76 faiz payı ona məxsusdur. Alekperov Türkiyə–Rusiya dəniz daşımaları seqmentində tanınmış fiqur sayılır.
Raim Alekperovla bağlı əlavə məlumatlar da var. Onun adı 2016-cı ildə Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu tərəfindən dərc edilən “Paradise Papers” sənədlərində də yer alıb.
Həmin materiallardan məlum olur ki, Raim Alekperov Maltada qeydiyyatdan keçmiş bir sıra şirkətlərin ortaq sahibidir. Onların sırasında “MODISK 4 MARITIME CO LTD”, “MODISK 3 MARITIME CO LTD”, “SAMUR 3 MARITIME CO LTD”, “EKSOM 1 MARITIME CO LTD”, “SAMUR 16 MARITIME CO LTD”, “SAMUR 1 MARITIME CO LTD”, “MODISK 2 MARITIME CO LTD”, “SAMUR 9 MARITIME CO LTD”, “BLUE SPRINTER MARITIME CO LTD” və digər strukturlar var.
Alekperov bu şirkətlərdəki payları 2002–2006-cı illər arasında əldə edib. Bəzi strukturlarda direktor, digərlərində isə hüquqi nümayəndə kimi göstərilib.
Raim Alekperov Türkiyənin gəmiçilik sektorunda böyük paya sahib olan üç Alekperov qardaşından biridir. O, qardaşları Rauf Alekperov və Rasim Alekperovla birlikdə “Albros Shipping and Trading” şirkətlər qrupuna sahibdir. Alekperovların biznesi uzun illərdir Rusiya ilə sıx bağlıdır: onların gəmiləri Qara dəniz akvatoriyasında Türkiyə ilə Rusiya arasında müntəzəm yükdaşımalar həyata keçirir.

2015-ci ildə Türkiyə hava məkanında Rusiya hərbi təyyarəsinin vurulmasından sonra Moskva ilə Ankara arasında ciddi böhran yaranarkən, Alekperovlara məxsus Rusiya bayrağı altında üzən gəmilərdən biri Türkiyənin Gemlik limanında saxlanılmışdı. Daha sonra gəminin Türkiyə şirkətinə məxsus olduğu müəyyən edildikdən sonra saxlanma qərarı ləğv edilmişdi.
Alekperov qardaşlarının adları 2020-ci ildə bu dəfə Türkiyə mediasında səs-küylü boşanma qalmaqalı ilə yenidən gündəmə gəlib.
Məlum olub ki, Rauf Alekperovun həyat yoldaşı Aida Alekperova ərinin Ukrayna vətəndaşı olan qadınla qeyri-rəsmi ailə qurduğunu və bu münasibətdən iki övladının dünyaya gəldiyini öyrənib. Bundan sonra Aida Alekperova boşanma iddiası qaldıraraq pozulmuş nikaha görə 35 milyon türk lirəsi təzminat və uşaqların saxlanılması üçün aylıq 150 min lirə aliment tələb edib.

Görünür, bu tələblər qardaşlardan biri — Rasim Alekperov üçün qəbuledilməz olub və o, qadını “cəzalandırmaq” qərarına gəlib. Məhz bundan sonra İstanbul yaxınlığındakı Kemerburqaz elit yaşayış massivində Aidanın uşaqları və nəvələri ilə yaşadığı evə hücum edilib.
Aida Alekperova hüquq-mühafizə orqanlarına müraciətində bildirib ki, boşanma iddiasından sonra Raim və Rasim Alekperovlar, eləcə də “Albros Denizçilik” şirkətinin beş əməkdaşı onu hədələməyə başlayıblar. Bundan əlavə, Aida və Rauf Alekperovların rəsmi nikahdan olan qızı Revana Alekperova ailə şirkətindəki işindən azad edilib.
Məhkəmənin qərarı ilə Raim və Rasim Alekperovlara, həmçinin şirkətin beş əməkdaşına üç ay müddətinə Aidanın yaşadığı evə yaxınlaşmaq qadağan edilib. Lakin buna baxmayaraq, Rasim Alekperov evə daxil olaraq fiziki zorakılıq tətbiq edib. Bu hadisəyə görə o, 2022-ci ildə 6 ay 7 gün müddətinə azadlıqdan məhrum edilib.

Şikayətdə həmçinin qeyd olunub ki, Rasim Alekperov Aidanın xəbəri olmadan Kemerburqazdakı evi internetdə satışa çıxarıb. Ev formal olaraq “Albros Denizçilik” şirkətinə icarəyə verilsə də, həyat yoldaşının razılığı olmadığı üçün satış baş tutmayıb. Daha sonra Rauf Alekperov icarə müqaviləsini ləğv edərək evdən çıxarılma proseduruna başlayıb.
Rauf Alekperov isə həyat yoldaşına qarşı qarşılıqlı iddia qaldıraraq bildirib ki, rəsmi nikaha baxmayaraq, onlar uzun müddətdir birlikdə yaşamırlar. Onun sözlərinə görə, Aida Alekperova əsasən Azərbaycanda yaşayıb və son illərdə guya yalnız maddi maraq naminə Türkiyəyə köçüb.
Türkiyə mediasının yazdığına görə, Rauf və Rasim Alekperov qardaşları 1996-cı ildə Türkiyəyə köçərək burada sahibkarlıq fəaliyyətinə başlayıblar.
Mənbə: Haqqin.az
Azərbaycan dilinə tərcümə etdi: Əli Səfərli













