Bayramovu Çinə aparan səbəb: Bakının Pekindən gözləntiləri nələrdir?backend

Bayramovu Çinə aparan səbəb: Bakının Pekindən gözləntiləri nələrdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 28–29-da Çin Xalq Respublikasına səfər edəcək.

Səfər indiki məqamda diqqət çəkir. Bu səfər həm regional, həm də qlobal proseslərin fonunda Bakının xarici siyasət prioritetlərinin daha aydın şəkildə formalaşdığını göstərən mühüm hadisə kimi qiymətləndirilə bilər. Xüsusilə də çoxqütblü dünya nizamının dərinləşdiyi, Qərb–Rusiya və ABŞ–Çin rəqabətinin kəskinləşdiyi bir mərhələdə bu səfər Azərbaycanın balanslı və praqmatik xarici siyasət kursunun Asiya istiqamətində daha sistemli xarakter aldığını göstərir.

Azərbaycan uzun müddət əsas diqqəti Avropa, Rusiya, Türkiyə və region ölkələri üzərində cəmləşdirsə də, son illər Asiya dövlətləri ilə, xüsusilə Çinlə münasibətlərin daha aktiv fazaya keçdiyi müşahidə olunur. Çin artıq təkcə iqtisadi nəhəng deyil, həm də qlobal siyasi proseslərə təsir imkanları sürətlə artan aktordur.

Azərbaycan üçün Çinlə əlaqələrin inkişafı bir neçə mühüm məqsədə xidmət edir.

Birincisi, Bakı xarici siyasətdə tərəfdaş şaxələndirməsini dərinləşdirir və hər hansı bir güc mərkəzindən asılılığı minimuma endirməyə çalışır.

İkincisi, Asiya bazarlarına çıxış, xüsusilə tranzit və logistika imkanları fonunda Azərbaycanın geoiqtisadi rolunu gücləndirir.

Üçüncüsü isə, Çin kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlə siyasi dialoqun intensivləşdirilməsi Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi baxımından əhəmiyyətlidir.

Bu baxımdan Ceyhun Bayramovun səfəri Bakının Asiya istiqamətini artıq ikinci dərəcəli yox, strateji əhəmiyyətli xətt kimi qəbul etdiyini göstərir.

Azərbaycan–Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi perspektivi xüsusilə diqqətəlayiqdir. Hazırda iki ölkə arasında münasibətlər “dostluq və əməkdaşlıq” formatında inkişaf edir. Lakin son illərdə artan siyasi dialoq, qarşılıqlı səfərlər və iqtisadi layihələr bu münasibətlərin daha yüksək mərhələyə keçməsi üçün zəmin yaradır.

Strateji tərəfdaşlıq adətən təkcə iqtisadi əlaqələri deyil, siyasi koordinasiyanı, regional və qlobal məsələlərdə qarşılıqlı dəstəyi, uzunmüddətli maraqların uzlaşdırılmasını nəzərdə tutur. Azərbaycan və Çin arasında bu baxımdan ciddi ziddiyyətlər yoxdur. Əksinə, hər iki ölkə suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmama prinsipini xarici siyasətin əsas sütunları kimi qəbul edir. Çin Azərbaycanın Qarabağ məsələsində mövqeyini dəfələrlə dəstəkləyib, Bakı isə “Vahid Çin” siyasətini açıq şəkildə tanıyır.

Bununla yanaşı, strateji tərəfdaşlıq elanının zamanlaması ehtiyatlı yanaşma tələb edir. Azərbaycan balans siyasətinə sadiq qalaraq Çinlə münasibətləri dərinləşdirərkən Qərb və digər tərəfdaşlarla münasibətlərdə əlavə gərginlik yaratmaq istəmir.

Ceyhun Bayramovun Çin səfəri Azərbaycan–Çin münasibətlərinin bir neçə əsas sahəsinə ciddi təsir göstərə bilər.

İlk növbədə iqtisadi əməkdaşlıq və tranzit-logistika məsələləri ön plana çıxır.

Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsündə mühüm həlqələrdən biri kimi çıxış edir. Orta Dəhliz layihəsinin aktuallaşması, Rusiya–Ukrayna müharibəsi fonunda alternativ marşrutlara ehtiyacın artması Çinin Azərbaycan üzərindən keçən nəqliyyat yollarına marağını gücləndirib. Bu səfər həmin əməkdaşlığın institusional əsaslarını möhkəmləndirə bilər.

İkinci mühüm sahə enerji və yaşıl keçid məsələləridir.

Çin bərpaolunan enerji texnologiyalarında qlobal liderdir. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji zonası” yaratmaq planları Çin şirkətləri üçün cəlbedici ola bilər. Bu istiqamətdə əməkdaşlıq həm investisiya, həm də texnologiya transferi baxımından Bakıya əlavə imkanlar açır.

Üçüncü istiqamət siyasi və diplomatik koordinasiyadır.

Qlobal sistemdə qeyri-müəyyənliyin artdığı bir dövrdə Azərbaycan üçün Çin kimi güclü aktorla müntəzəm siyasi dialoq mühüm əhəmiyyət daşıyır. Bu, xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək mexanizmlərinin gücləndirilməsi baxımından aktualdır.

Politoloq Turan Rzayev