ŞOK AÇIQLAMA: Xameneidən Trampa sərt mesaj — “İrana toxunsanız, bütün region alışacaq”backend

ŞOK AÇIQLAMA: Xameneidən Trampa sərt mesaj — “İrana toxunsanız, bütün region alışacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Ali Lideri Əli Xamenei ABŞ-a ünvanlanan son çıxışında mümkün hərbi qarşıdurmanın nəticələri ilə bağlı kəskin xəbərdarlıq edib.

NOCOMMENT.az bildirir ki, onun sözlərinə görə, Vaşinqtonun İrana qarşı atacağı istənilən hərbi addım təkcə iki ölkə arasında münaqişə ilə məhdudlaşmayacaq və bütün Yaxın Şərqi əhatə edən genişmiqyaslı müharibəyə çevriləcək.

Tasnimin yaydığı məlumata əsasən, Xamenei bildirib ki, ABŞ rəhbərliyi bu reallığı aydın şəkildə dərk etməlidir. “Əgər müharibəni onlar başladarsa, bu dəfə nəticə regional qarşıdurma olacaq”, – deyə İran lideri vurğulayıb.

Ali Lider həmçinin İran cəmiyyətinə müraciət edərək, ABŞ prezidenti Donald Trampın regiona böyük həcmdə silah tədarükü ilə bağlı açıqlamalarının qorxu yaratmamalı olduğunu bildirib. Xameneinin sözlərinə görə, Tehran heç vaxt müharibə təşəbbüskarı olmayıb, lakin ölkəyə qarşı istənilən hücum cavabsız qalmayacaq.

“Biz heç bir dövlətə hücum etmək niyyətində deyilik. Amma kim İrana zərər verməyə cəhd etsə, İran xalqı ona çox ağır cavab verəcək”, – deyə o əlavə edib.

Çıxışında daxili proseslərə də toxunan Xamenei son aylarda baş verən etirazları “dövlət çevrilişinə cəhd” kimi qiymətləndirib. Onun iddiasına görə, bu proseslər zamanı polis bölmələri, dövlət qurumları, İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus obyektlər, banklar və dini məkanlar hədəfə alınıb və artıq həmin cəhdlər neytrallaşdırılıb.

Bununla yanaşı, Vaşinqtondan tam fərqli mesajlar gəlir. Donald Tramp daha əvvəl Tehranın ABŞ-la “ciddi danışıqlar” apardığını açıqlamış, İranın Vaşinqton üçün məqbul olan razılaşmaya razılaşacağına ümid etdiyini demişdi. O, əsas şərtin İranın nüvə silahına sahib olmaması olduğunu vurğulasa da, yekun razılaşmanın mümkünlüyünə tam əmin olmadığını da gizlətməyib.

Xatırladaq ki, Tramp yanvarın 26-da verdiyi açıqlamada ABŞ-ın “iri hərbi donanmasının” İrana doğru hərəkət etdiyini iddia etmişdi. Bu bəyanatlar fonunda Xameneinin son çıxışı regionda gərginliyin daha da artacağından xəbər verir.

Əli Səfərli,
NOCOMMENT.az