ABŞ Yaxın Şərqdə güclü hərbi qüvvə cəmləşdirib. İndi ABŞ Prezidenti Donald Tramp bu qüvvədən İrana qarşı necə istifadə edəcəyinə qərar verməlidir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Nəşr qeyd edib ki, rəsmilərin sözlərinə görə, Tramp köməkçilərindən uzunmüddətli müharibəyə yol açmayacaq hərbi əməliyyat variantları təqdim etmələrini istəyib. Xüsusilə İranın nüvə proqramına zərbələr endirilməsi, ballistik raket arsenalının məhv edilməsi, rejimi devirməyə yönəlmiş əməliyyatlar və ya bu variantların kombinasiyası müzakirə olunur.
Bundan əlavə, Tramp və komandası İrandan diplomatik güzəştlər əldə etmək üçün hərbi güc təhdidindən vasitə kimi istifadə etməyi də nəzərdən keçirir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, belə bir əməliyyatın həyata keçirilməsi və istənilən nəticənin əldə olunması heç də asan deyil:
“Nəzərə almaq lazımdır ki, İran ABŞ-nin təhdidlərinə artıq hazırlaşır. Öz müdafiə sistemini gücləndirməyə çalışan və Çinlə Rusiya tərəfindən dolayısı dəstək alan bir İran var. Düzdür, Pekin və Moskvanın birbaşa İranın tərəfində hərbi qarşıdurmaya girmək niyyəti yoxdur.
Bütün hallarda düşünürəm ki, ilkin mərhələdə Donald Tramp regiona cəmlədiyi hərbi güc vasitəsilə İranı danışıqlar masasına gətirməyə çalışır. Əgər bu baş verməzsə, hərbi müdaxilə istisna olunmur”.
“Regiona cəlb edilən hərbi qüvvələrin orada saxlanılması ABŞ üçün ciddi maliyyə xərcləri yaradır. Yəni Vaşinqton məcbur qalarsa, zərbə endirəcək. Hesab edirəm ki, ABŞ qısa müddətli və effektiv zərbələr endirməklə rejimi zəiflətməyə, hətta devirməyə çalışacaq. ABŞ uzunmüddətli müharibədə maraqlı deyil və mövcud hazırlıqlar da bu istiqamətə hesablanmayıb”, – politoloq deyib.
Atilla Rzasoy













