ABŞ Prezidenti Donald Tramp İran ətrafında yaranan gərginlik fonunda Tehranla razılaşma əldə olunacağına ümid etdiyini bildirib. Tramp ABŞ donanmasının İran sahillərinə yaxın yerləşdiyini qeyd edib.
“Orada dünyanın ən böyük və ən güclü gəmiləri, tam yaxınlıqda yerləşir. Bir neçə gün ərzində ümid edirəm ki, razılaşma əldə edəcəyik”, – o açıqlayıb.
Əslində D. Trampın bu yanaşması başa düşüləndir. ABŞ hərbi əməliyyata hazır olduğunu nümayiş etdirmək istəyir, amma əslində müharibəyə başlamaq niyyəti yoxdur.
İranla birbaşa hərbi qarşıdurma həm ABŞ, həm də region üçün çox çətin və xərcli olardı. Ölkənin strateji mövqeyi, geniş hərbi infrastrukturu və regional nüfuzu ABŞ-ın hərbi bazalarına, Körfəz ölkələrinə və enerji obyektlərinə ciddi risk yarada bilər. Tramp isə çox güman ki, ABŞ-ni belə risklərdən uzaq tutmaq istəyir. Hərbi əməliyyat ABŞ-nin resurslarını sərf edər, beynəlxalq təzyiq və tənqidlərlə üzləşdirər, eləcə də uzunmüddətli və xərcli bir münaqişəyə səbəb ola bilər.
Əfqanıstan və İraq nümunələri göstərir ki, ABŞ üçün uzunmüddətli müharibələr həm maliyyə, həm insan itkisi, həm də siyasi nüfuz baxımından ağır nəticələr doğurur. Eyni ssenari İranla qarşıdurmada daha da mürəkkəb ola bilər, çünki regionun geosiyasi vəziyyəti daha gərgin və hərbi riskləri daha yüksəkdir. Bu baxımdan, Trampın açıqlamaları hərbi niyyətdən çox diplomatik manevr və təzyiq strategiyası kimi görünür. ABŞ mövqeyini güc nümayişi ilə möhkəmləndirir, amma əslində məqsəd müharibədən uzaq durmaqdır.
Trampın strategiyası açıq müharibə yox, razılaşma və diplomatik yol üzərində qurulub. Hərbi güc sadəcə müzakirələrdə üstünlük və təzyiq vasitəsi kimi istifadə olunur. Trampın əsas məqsədi İranın nüvə fəaliyyətini məhdudlaşdırmaqdır.
ABŞ İranın uran zənginləşdirməsini dayandırmasını, nüvə silahı əldə etməkdən imtina etməsini tələb edir. Trampın mövqeyi göstərir ki, hərbi güc sadəcə təzyiq vasitəsi kimi nəzərdə tutulub. Əgər Tehran bu şərtlərə əməl etməsə, ABŞ-nin cavabı sərt ola bilər.
Gərginlik 12 günlük dövrdə olduğu kimi yenidən yüksələ bilər. Bu halda hava zərbələri, dron hücumları və digər məhdud hərbi əməliyyatlar mümkündür. Burada açıq müharibədən söhbət getmir, amma ABŞ-nin regiondakı mövqeyini qorumaq, İranın nüvə proqramını məhdudlaşdırmaq və strateji üstünlük əldə etmək üçün hərbi güc realdır.
İran isə bu təzyiqə qarşı çıxarsa, qarşıdurma daha da mürəkkəbləşə bilər, çünki hər iki tərəf üçün risklər çox yüksəkdir.
Politoloq Turan Rzayev













