Qırğızıstan parlamentində sənədlərdə cinsiyyət göstəricisinin dəyişdirilməsinin və bununla bağlı tibbi müdaxilələrin qadağan olunmasını nəzərdə tutan qanun layihəsi ictimai müzakirəyə çıxarılıb.
NOCOMMENT.az xəbər verir ki, layihə deputat Marlen Mamataliyev tərəfindən irəli sürülüb və parlamentin rəsmi saytında dərc olunub.
Qanun layihəsinə əlavə edilən arayışda bildirilir ki, təşəbbüsün məqsədi “ailənin qorunması, demoqrafik təhlükəsizliyin təmin edilməsi və ənənəvi dəyərlərin saxlanılmasıdır”.
Müəlliflərin fikrincə, mövcud qanunvericilik tibbi arayışlar əsasında vətəndaşlıq vəziyyəti aktlarında və pasportlarda cinsiyyətin dəyişdirilməsinə imkan verir ki, bu da onların iddiasına görə, “cəmiyyətin tarixi və mədəni köklərinə uyğun deyil” və “demoqrafiya, mənəviyyat və milli təhlükəsizlik üçün risklər yaradır”.
Sənəddə qeyd olunur ki, təklif edilən dəyişikliklər qəbul edilərsə, rəsmi sənədlərdə cinsiyyətin dəyişdirilməsi proseduru ləğv edilə bilər. Eyni zamanda,l cinsiyyətin tibbi yolla dəyişdirilməsinə yönəlmiş müdaxilələrlə bağlı da məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.
Lakin layihənin detalları və mümkün istisnalar barədə hələlik geniş izahat verilməyib.
Qanun layihəsi hazırda ictimai müzakirə mərhələsindədir. Bu müddət ərzində vətəndaşlar, ekspertlər və maraqlı tərəflər öz rəy və təkliflərini təqdim edə bilərlər. Daha sonra sənəd parlament komitələrində müzakirə olunacaq.
Hüquq müdafiəçiləri və bəzi beynəlxalq təşkilatlar oxşar təşəbbüslərin insan hüquqları, xüsusilə də şəxsi həyatın toxunulmazlığı və sağlamlıq hüquqları baxımından mübahisəli olduğunu vurğulayırlar.
Onların fikrincə, belə məhdudiyyətlər transgender şəxslərin hüquqi statusuna və tibbi xidmətlərə çıxışına birbaşa təsir göstərə bilər.
Rəsmi qurumlar isə hələlik layihə ilə bağlı əlavə şərh verməyiblər. Müzakirələrin nəticəsi qanunvericilik təşəbbüsünün parlamentdə necə qarşılanacağını müəyyən edəcək.
Aliyə













