509 saylı marşrut avtobusu ilə bağlı narazılıq: Yolun yarısından qayıdırmışbackend

509 saylı marşrut avtobusu ilə bağlı narazılıq: Yolun yarısından qayıdırmış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərnişinlər 509 nömrəli marşrut avtobusunun fəaliyyətindən şikayətçidirlər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə onlar müraciət edərək bildiriblər ki, sözügedən nəqliyyat vasitəsi Binə Ticarət Mərkəzindən sonra geri qayıdır və Lökbatan qəsəbəsinə daxil olmur.

“509 nömrəli avtobusla təxminən iki ildir ki, Sumqayıt avtovağzalından Lökbatan dairəsinə gedirəm. Bu yaxınlarda təsadüfən öyrəndim ki, əslində həmin avtobus Lökbatan qəsəbəsinə də girməlidir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəsmi saytında marşrut xəritəsi də bu şəkildə göstərilib. Qurumun operatoru ilə də əlaqə saxlamışam, o da bunu təsdiqləyib. Lakin iki ildir avtobus özbaşına marşrut xəttini tamamlamır. Hər dəfə bu məsələni sürücüyə və dispetçerə bildirdikdə Lökbatana getmədiyini, Binə Ticarət Mərkəzinin son dayanacaq olduğunu deyirdilər. Mən də elə bilirdim ki, marşrut belə olmalıdır. Buna görə də hər dəfə Binə Ticarət Mərkəzindən əlavə avtobusa yol pulu ödəyərək Lökbatana gedirdim. Sonradan məlum oldu ki, bu düzgün deyil”, – deyə vətəndaş şikayətində qeyd edib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən  sorğuya cavab olaraq bildirilib ki, Sumqayıt avtovağzalından fəaliyyətə başlayan 509 nömrəli marşrut avtobusu Binə Ticarət Mərkəzindən keçməklə Lökbatan qəsəbəsinə qədər hərəkət etməlidir.

“Daşıyıcıya marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi və təsdiqlənmiş hərəkət sxeminə riayət olunması barədə tapşırıq verilib. Məsələ nəzarətə götürülüb. Nöqsanlar aşkar ediləcəyi təqdirdə marşrut müsabiqəyə çıxarılacaq”, – deyə agentlikdən bildirilib. /oxu.az/