Böhtan siyasət deyil, qorxaqlıqdırbackend

Böhtan siyasət deyil, qorxaqlıqdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzən elə açıqlamalar verilir ki, onlar təkcə bir insanı deyil, bütövlükdə siyasi düşüncəni, ictimai əxlaqı və milli dəyərləri zədələyir. Azad Vətən Partiyasının sədri Akif Nağının teleaparıcı və bloger Səidə Bəkirqızına qarşı səsləndirdiyi fikirlər məhz bu qəbildəndir.

Bir qadını, bir jurnalisti, bir vətəndaşı heç bir sübut olmadan “erməni”, “xüsusi xidmət orqanlarının agenti”, “xaos yaradan fiqur” adlandırmaq nə siyasətdir, nə də vətənpərvərlik. Bu, sadəcə böhtandır. Daha da acısı odur ki, bu böhtan illərlə ictimai-siyasi müstəvidə olmuş bir şəxsin dilindən səslənir.

Əgər kimsə Səidə Bəkirqızının fikirləri ilə razı deyilirsə, bunun demokratik yolu var: arqumentlə cavab vermək, faktla danışmaq, debat aparmaq. Amma arqument bitəndə “erməni xüsusi xidmət orqanları”, “verbovka”, “xaos planı” kimi klişe ittihamlara sığınmaq artıq acizlikdir. Bu üsul illərdir tanışdır və həmişə eyni məqsədə xidmət edir: susdurmaq.

Səidə Bəkirqızı ictimai platformada danışır, tənqid edir, suallar verir. Jurnalistin işi də məhz budur. Hakimiyyəti, cəmiyyəti, prosesləri sorğulamaq. Əgər bu fəaliyyət kimlərisə narahat edirsə, problem jurnalistdə yox, narahat olanlardadır.

Məcburi köçkünlərin adından danışmaq da heç kəsə böhtan atmaq üçün mandat vermir. Əksinə, bu həssas mövzudan istifadə edib fərqli düşünənləri “düşmən” elan etmək köçkünlərin ağrısını siyasi alətə çevirməkdir. Bu isə əxlaqsızlıqdır.

Xüsusilə təhlükəli məqam ondan ibarətdir ki, Akif Nağı açıq şəkildə hüquq-mühafizə orqanlarına çağırış edir – amma yenə də fakt olmadan. Bu, artıq fikir mübahisəsi yox, insanın təhlükəsizliyini hədəfə alan davranışdır. Belə çağırışlar cəmiyyətdə qorxu atmosferi yaratmağa xidmət edir və bu, dövlətçilik deyil, destruksiyadır.

Unutmayaq: bu ölkədə “erməni” damğası atmaq ən ağır ittihamlardan biridir və onu sübutsuz şəkildə işlətmək milli məsuliyyətsizlikdir. Əgər bu qədər asanlıqla “erməni agenti” tapmaq mümkündürsə, onda real təhlükələr gözümüzdən qaçır.

Səidə Bəkirqızı tək deyil. Onu hədəf alanlar bilməlidir ki, bu cür hücumlar bir jurnalisti susdurmur, əksinə, cəmiyyətdə haqsızlığa qarşı reaksiyanı gücləndirir. Bu gün susan sabah danışacaq. Çünki sözün gücü böhtandan həmişə böyükdür.

Siyasət mədəniyyət tələb edir. Tənqid cəsarət, böhtan isə qorxu göstəricisidir. Akif Nağının paylaşımı siyasi liderə yox, emosiyalarını idarə edə bilməyən birinin çıxışına bənzəyir. Azərbaycan cəmiyyəti isə bundan qat-qat artığını haqq edir.

Əgər doğrudan da vətən düşünülürsə, fərqli səsi “xain” elan etməklə yox, sağlam debatla, açıq müzakirə ilə irəli getmək lazımdır. Qalanı səs-küydür. Və səs-küy həmişə həqiqəti örtə bilmir.

Əli Səfərli,
NOCOMMENT.az