Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən kəskin hava şəraiti ilə bağlı əhaliyə rəsmi müraciət edib. Nazirlikdən NOCOMMENT.az-a bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, fevralın 5-dək ölkə ərazisində güclü külək, intensiv yağıntılar, qar və temperaturun kəskin enməsi gözlənilir. Bu səbəbdən vətəndaşlar təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırılır.
Qarlı və buzlu hava şəraiti xüsusilə Bakıda hər dəfə eyni mənzərəni yaradır. Yolların buz bağlaması ilə paytaxtda demək olar ki, həyat dayanır, nəqliyyat sistemi iflic vəziyyətə düşür. Ən xırda qar yağışı və ya güclü leysan belə tıxaclara, qəzaların artmasına və ictimai nəqliyyatın fəaliyyətində ciddi problemlərə səbəb olur. Şəhər təsərrüfatının bu cür hava şəraitinə yetərincə hazır olmaması isə illərdir ictimai müzakirə mövzusudur.
Belə hava şəraitində sürücüləri narahat edən əsas məqamlardan biri də cərimə riskidir.
Yağışlı və qarlı havada avtomobillərin hərəkəti zamanı yollarda yaranan su və palçığın piyadaların üzərinə sıçraması inzibati məsuliyyət yaradır. Mövcud qanunvericiliyə əsasən, bu hal sürücünün diqqətsizliyi kimi qiymətləndirilir.
Məsələ ilə bağlı hüquqşünas Natiq Ələsgərov NOCOMMENT.az-a açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, sürücünün yol hərəkəti iştirakçılarına qarşı hörmətsizlik və təhlükə yaradan hərəkətləri cərimə ilə nəticələnir:

“Əgər sürücü hava və yol şəraitini nəzərə almadan hərəkət edər və nəticədə piyadanın üzərinə su və ya palçıq sıçradarsa, bu hal sübuta yetirildiyi təqdirdə 20 manat məbləğində cərimə tətbiq olunur. Sürücülər xüsusilə piyada keçidlərinin və səkilərin yaxınlığında daha diqqətli olmalıdırlar”.
Hüquqşünas qeyd edib ki, sürət həddinin azaldılmaması və ehtiyatsız manevrlər bu cür halların baş verməsində əsas amillərdəndir.
Nəqliyyat eksperti Tale Ələddinzadə isə bildirib ki, problem yalnız sürücülərin davranışı ilə məhdudlaşmır.
Onun sözlərinə görə, qarlı və yağışlı havalarda yol infrastrukturu və şəhər təsərrüfatı lazımi səviyyədə fəaliyyət göstərmir:
“Yolların vaxtında təmizlənməməsi, drenaj sistemlərinin zəif işləməsi və sürüşkən yol örtüyü həm sürücülər, həm də piyadalar üçün risk yaradır. Bu da cərimələrin və yol-nəqliyyat hadisələrinin sayının artmasına səbəb olur. İnkişaf etmiş ölkələrdə bu cür hava şəraitində yol təsərrüfatı xüsusi rejimdə işləyir, sürücülər isə hava şəraitinə uyğun davranmağa məcburdur. Bakıda isə qısa müddətli qar və ya leysan belə nəqliyyat sisteminin iflic olmasına gətirib çıxarır”.
Tunar













