Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin (DSNV) müddətinin yaxın günlərdə başa çatmasının qlobal təhlükəsizliyə ciddi təhdid yaradacağını bildirib.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, əgər DSNV üzrə mövcud məhdudiyyətlər uzadılmasa, dünya artıq bir neçə gün sonra indiyədək olduğundan daha təhlükəli vəziyyətə düşəcək.
Peskov vurğulayıb ki, Moskvanın DSNV ilə bağlı irəli sürdüyü təşəbbüslər qüvvədə qalır və Rusiya bu sahədə dialoqa açıqdır. Lakin mövcud geosiyasi şərait və bəzi ölkələrin mövqeyi strateji sabitlik məsələsini daha da mürəkkəbləşdirir.
Kreml sözçüsü bildirib ki, Polşa rəhbərliyində Rusiyaya qarşı aqressiv ritorika fonunda Moskva öz təhlükəsizliyini təmin etmək üçün zəruri olan bütün addımları atır. Onun sözlərinə görə, Polşa hakimiyyətində rusofobiya artıq isteriya həddinə çatıb.
Peskov həmçinin qeyd edib ki, Rusiyaya Hindistandan Rusiya neftinin alınmasından imtina ilə bağlı heç bir rəsmi məlumat daxil olmayıb. Moskva ABŞ-nin Prezidenti Donald Trampın bəyanatlarını, o cümlədən Hindistana qarşı mümkün gömrük rüsumları və neftlə bağlı açıqlamalarını diqqətlə izləyir.
O əlavə edib ki, Çin öz nüvə potensialının nə Rusiya, nə də ABŞ-nin imkanları ilə müqayisə edilə bilməyəcəyini əsas gətirərək, mümkün yeni DSNV sazişinə daxil edilməsinə qarşıdır.
Peskovun sözlərinə görə, gələcək strateji sabitlik sisteminin müzakirəsi zamanı Rusiya Böyük Britaniya və Fransanın nüvə potensiallarını nəzərə almadan hərəkət edə bilməz. Bu mövqe Rusiya Prezidenti Vladimir Putin tərəfindən dəfələrlə səsləndirilib və Londonla Parisin nüvə silahları müzakirələrdən kənarda saxlanılarsa, strateji sabitlik üzrə real irəliləyişin mümkün olmayacağı vurğulanıb.
Qeyd edək ki, DSNV – strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması ilə bağlı Rusiya və ABŞ arasında imzalanmış beynəlxalq müqavilədir.













