Ukrayna da SEPAH-ı terror təşkilatı kimi tanıdı: Azərbaycan bu addımı ata bilər?backend

Ukrayna da SEPAH-ı terror təşkilatı kimi tanıdı: Azərbaycan bu addımı ata bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmi Kiyevin İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıması regionda və beynəlxalq aləmdə diqqətlə izlənilən addım kimi qiymətləndirilir. Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə “Telegram” kanalında açıqlama verərək bildirib ki, məsələ Ukrayna üçün artıq bağlanıb və müvafiq qərar qəbul edilib.

Zelenski vurğulayıb ki, Avropa İttifaqında SEPAH-ın terror təşkilatı elan edilməsi prosesi hələ davam edir, lakin Ukrayna bu mövqeyi artıq rəsmiləşdirib. Onun sözlərinə görə, İran rejimi regionda və dünyada zorakılıq və müharibələrin yayılmasında əsas rollardan birini oynayır.

Qeyd edək ki, bundan əvvəl də Avropa İttifaqı daxilində SEPAH-ın terror təşkilatı kimi tanınması məsələsi geniş müzakirə olunub və bir sıra qurumlar bu istiqamətdə siyasi qərarlar qəbul ediblər.

Bu fonda diqqət mərkəzinə gələn əsas suallardan biri də budur: Azərbaycan analoji addımı ata bilərmi?

Mövzu ilə bağlı siyasi şərhçi Samir Əsədli NOCOMMENT.az -a açıqlamasında bildirib ki, Ukraynanın qərarı hüquqi deyil, ilk növbədə siyasi presedent yaradır:

“Ukraynanın SEPAH-ı terror təşkilatı kimi tanıması daha çox siyasi mövqedir və İranın Rusiya–Ukrayna müharibəsində dolayısı iştirakı ilə bağlıdır. Bu addım Avropa və Qərb blokunda mövcud olan yanaşmanı gücləndirir. Ancaq hər ölkə bu cür qərarı öz milli təhlükəsizlik maraqları prizmasından qiymətləndirir”.

Samir Əsədli

Şərhçinin sözlərinə görə, Azərbaycanın məsələyə yanaşması fərqlidir və daha həssas regional balans nəzərə alınır:

“Azərbaycan İranla birbaşa sərhədi olan dövlətdir. Rəsmi Bakı uzun illərdir praqmatik və balanslı siyasət yürüdür. SEPAH-ın terror təşkilatı kimi tanınması yalnız siyasi bəyanat deyil, həm də ciddi hüquqi və təhlükəsizlik nəticələri olan qərardır. Bu, diplomatik münasibətlərin kəskinləşməsinə, sərhəd təhlükəsizliyinə və regional sabitliyə təsir göstərə bilər”.

Samir Əsədli vurğulayıb ki, Azərbaycan üçün əsas prioritet milli təhlükəsizlik və regional sabitlikdir:

“Bakı üçün əsas məsələ emosional yox, rasional qərar verməkdir. Azərbaycan SEPAH-ın fəaliyyəti ilə bağlı narahatlıqlarını müxtəlif platformalarda ifadə edib, lakin bu, hələ terror təşkilatı kimi tanınma mərhələsinə keçid demək deyil. Belə addım yalnız çox geniş beynəlxalq konsensus və birbaşa təhlükə şəraitində mümkün ola bilər”.

Ekspert hesab edir ki, yaxın perspektivdə Azərbaycanın Ukrayna kimi açıq və sərt siyasi qərar verməsi ehtimalı yüksək deyil:

“Azərbaycan diplomatiyası riskləri qabaqcadan hesablamağa üstünlük verir. SEPAH məsələsində də Bakı regional reallıqları və öz maraqlarını əsas götürəcək. Ukraynanın qərarı beynəlxalq müzakirələri dərinləşdirsə də, Azərbaycanın bu məsələdə fərqli, daha ehtiyatlı və praqmatik mövqe tutacağı ehtimal olunur. Rəsmi Bakının mümkün addımları isə regional təhlükəsizlik dinamikasından və beynəlxalq proseslərin inkişafından asılı olacaq”.

Tunar