ABŞ Prezidenti Donald Tramp Ədliyyə Nazirliyinin açıqladığı yeni məlumatlara istinad edərək, Ceffri Epşteynlə və Volf adlı şəxslə bağlı səslənən ittihamlara cavab verib.
Sosial media hesabında paylaşım edən Tramp bildirib ki, bu şəxslər əsassız iddialarla ona zərər vurmağa çalışıblar və o, Epşteyn adasına heç vaxt getmədiyini vurğulayıb.
Prezident Trampın açıqlaması ictimai rəyin formalaşmasına necə təsir edir?
Ceffri Epşteynlə bağlı ittihamların yenidən gündəmə gəlməsi Donald Trampın siyasi imicinə necə təsir göstərə bilər?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Donald Trampın Ceffri Epşteynlə bağlı ittihamlara açıq şəkildə reaksiya verməsi ictimai rəyin formalaşmasında ikili effekt yaradır:
“Bir tərəfdən, Trampın Ədliyyə Nazirliyinin açıqlamalarına istinad etməsi və iddiaları qəti şəkildə rədd etməsi öz elektoratı üçün “özünə güvənən və hücuma keçən lider” obrazını möhkəmləndirir. Digər tərəfdən isə bu cür açıqlamalar mövzunu yenidən gündəmdə saxlayaraq, tərəddüd edən və ya neytral auditoriyada sualların daha da artmasına səbəb olur. ABŞ siyasətində bu tip qalmaqallar çox vaxt faktlardan daha çox narrativ üzərindən oxunur və Tramp bunu yaxşı anlayan siyasətçilərdəndir.
Epşteyn işi Amerika ictimai şüurunda təkcə cinayət dosyesi deyil, eyni zamanda “elitaların toxunulmazlığı” simvoluna çevrilib.
Bu kontekstdə Trampın adının yenidən bu mövzu ilə yanaşı çəkilməsi, ittihamların hüquqi əsasından asılı olmayaraq, siyasi risk yaradır. Xüsusilə də Trampın sistem əleyhinə ritorika qurduğu bir dövrdə belə iddialar onun “kənar fiqur” imicinə zidd çalarlar qatır. İctimai rəyin bir hissəsi üçün əsas sual ittihamların doğruluğu yox, niyə bu mövzunun daim geri qayıtmasıdır”.
Politoloq bildirib ki, digər vacib məqam Trampın kommunikasiya strategiyasıdır:
“O, ənənəvi olaraq müdafiə mövqeyində qalmaq əvəzinə, ittihamları siyasi hücum kimi təqdim edir və məsuliyyəti “onu hədəfə alan dairələrə” yönəldir. Bu yanaşma tərəfdarlarını səfərbər etsə də, müstəqil seçici üçün bəzən yorucu və inandırıcılıq baxımından problemli görünə bilər. Çünki Epşteyn dosyesi ilə bağlı hər yeni açıqlama mövcud sualları bağlamaqdansa, yeni şübhələr yaradır”.
“Nəticə etibarilə, Ceffri Epşteynlə bağlı ittihamların yenidən gündəmə gəlməsi Donald Trampın siyasi imicinə qısamüddətli sarsıntı gətirə bilər, lakin bu, avtomatik olaraq onun elektorat bazasını zəiflətmir. Əksinə, Tramp bu cür qalmaqalları öz siyasi narrativinə daxil edib “mənə qarşı qurulan oyun” xətti üzərindən yenidən mobilizasiya yarada bilir. Lakin uzunmüddətli perspektivdə bu mövzunun davamlı şəkildə gündəmdə qalması, xüsusilə seçki mühitində, onun üçün əlavə yük və diqqət yayındıran faktor olaraq qalacaq”, – Z. Qarayeva qeyd edib. .
Atilla Rzasoy













