Vaşinqtonla Dehli arasında razılaşma əldə olunub. Bu razılaşma ticarət və enerji sahəsini əhatə edir.
Razılaşmaya əsasən, ABŞ qarşılıqlı rüsumları 25 faizdən 18 faizə endirəcək. Bu haqda ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında məlumat verib. Tramp Hindistanın Baş naziri Narendra Modi ilə telefonla danışdığını və razılaşma əldə etdiyini yazıb. İki lider ticarət razılaşmasıyla yanaşı Rusiya-Ukrayna müharibəsi barədə də fikir mübadiləsi aparıblar.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Elxan Şahinoğlunun sözlərinə görə, bu mövzu Tramp üçün ona görə vacibdir ki, Ağ Ev sahibi Hindistanın Rusiyadan ucuz neft almasını istəmir:

“Donald Trampın sözlərinə görə, Hindistan bundan sonra Rusiyadan neft almayacaq. Nefti daha çox ABŞ-dən, mümkün variant kimi isə Venesueladan alacaq. Əgər Hindistan bu vədini yerinə yetirərsə, bu Rusiyanın problemlərini daha da artıracaq.
ABŞ Prezidentinin sözlərinə görə, Dehlinin Rusiyadan neft almama qərarı hər həftə minlərlə insanın öldüyü Ukraynada müharibənin başa çatmasına kömək edəcək.
Tramp həmçinin bildirib ki, Modi ilə razılaşmaya əsasən, tərəflər gələcəkdə ABŞ-yə qarşı tətbiq olunan tarif və qeyri-tarif maneələrinin “sıfıra” endirilməsi istiqamətində də addımlar atacaqlar. Tramp Dehlinin Vaşinqtonun daha bir istəyini yerinə yetirə yetirdiyini yazıb.
Onun sözlərinə görə, Hindistan ABŞ-dən energetika, texnologiya, kənd təsərrüfatı məhsulları, kömür və digər mallar da daxil olmaqla ümumilikdə 500 milyard dollardan artıq həcmdə alış etməyi öhdəsinə götürüb”.
Politoloq deyib ki, Vaşinqtonla Dehli arasında ticarət mövzusunda danışıqlar Tramp Prezident seçildiyi dönəmdən davam edirdi:
“Dehli Vaşinqtondan əvvəl Brüssellə ticarət razılaşması əldə etdi. Beləliklə, Hindistan iqtisadiyyatını inkişaf etdirmək, ixracı artırmaq məqsədilə Çindən geri qalmamağa çalışır.
Eyni zamanda, Hindistan hökumətinin 2026-2027-ci illər üçün büdcədə hərbi xərcləri 85,5 milyard dollar səviyyəsində planlaşdırması da müşahidəçilərin diqqətindən yayınmayıb. Bu xərclər çərçivəsində Hindistan həm hərbi texnika istehsalına, həm də sərhədlərin qorunmasına daha çox diqqət ayırmağı nəzərdə tutur.
Görünür, bu qərar qonşusu Çinlə artan hərbi rəqabətlə bağlıdır. Hindistan bu çərçivədə həm öz hərbi-sənaye kompleksini genişləndirməyi, həm də ABŞ və Avropa ölkələrindən hərbi texnika alışını artırmağı planlaşdırır”.
Politoloq yekun olaraq bildirib ki, Vaşinqtonla Dehli arasında əldə olunan ticarət razılaşması yalnız iqtisadi deyil, həm də iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığa da təkan verə bilər.
Tunar













