Əlilliyin “müvəqqəti” verilməsi problemi: Dəyişməyən xəstəliklərə niyə təkrar müayinə tələb olunur?backend

Əlilliyin “müvəqqəti” verilməsi problemi: Dəyişməyən xəstəliklərə niyə təkrar müayinə tələb olunur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər Azərbaycanda əlillik təyinatı və onun davamlılığı ilə bağlı vətəndaşların narazılığı getdikcə artır. Xüsusilə ayağı amputasiya olunmuş, gözü olmayan, ağır beyin travması keçirmiş, bərpa olunması mümkün olmayan xəstəliklərdən əziyyət çəkən şəxslərin belə “müvəqqəti” əlillik statusu alması cəmiyyətdə haqlı suallar doğurur.

Faktiki olaraq sağlamlıq vəziyyəti dəyişməyən, əmək qabiliyyətini birdəfəlik itirmiş insanlardan hər bir neçə ildən bir yenidən tibbi müayinədən keçmək tələb olunur. Bu isə həm psixoloji, həm maddi, həm də sosial baxımdan əlavə yük yaradır.

Məsələn, müharibə qazisi olub beyninin bir hissəsi zədələnmiş, kəllə sümüyü plastik materialla bərpa edilmiş, həyat boyu ağır nevroloji problemlərlə yaşamağa məcbur olan şəxsə də çox vaxt yalnız müəyyən müddətə əlillik verilir. Eyni şəkildə, bir gözü tamamilə olmayan, digər gözü isə cəmi bir neçə faiz görən insana belə davamlı deyil, müvəqqəti status tətbiq olunur. Halbuki bu cür hallar tibbi baxımdan geri dönməz hesab edilir.

Bu vəziyyətdə əsas sual yaranır: dəyişməsi mümkün olmayan xəstəliklər üçün niyə hər dəfə təkrar müayinə tələb olunur?

Məsələnin hüquqi tərəfini NOCOMMENT.az-a şərh edən hüquqşünas Natiq Ələsgərov belə izah edir.

Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən əlillik dərəcələri əsasən iki formada müəyyən edilir: müddətli və müddətsiz. Müddətsiz əlillik yalnız tibbi-sosial ekspertiza tərəfindən xəstəliyin və ya zədənin geri dönməz olduğu rəsmi şəkildə təsdiqləndikdə verilir. Lakin praktiki olaraq bu norma çox zaman tam tətbiq olunmur.

Qanunvericilikdə göstərilir ki, əmək qabiliyyətinin bərpası mümkün olmayan şəxslərə müddətsiz əlillik təyin edilməlidir. Amma real həyatda bir çox hallarda komissiyalar ehtiyatlı davranır və belə şəxslərə də müvəqqəti status verir. Bu isə vətəndaşları hər dəfə yenidən sənəd toplamağa, müayinələrdən keçməyə məcbur edir. Hüquqi baxımdan bu düzgün deyil və insan hüquqlarının pozulması kimi qiymətləndirilə bilər”.

Hüquqşünasın sözlərinə görə, təkrar müayinədən vaxtında keçməyən şəxslərin müavinətləri doğrudan da dayandırılır:

“Əgər əlillik müddəti bitir və şəxs müəyyən olunmuş vaxtda yenidən ekspertizadan keçmirsə, sosial ödənişlər avtomatik olaraq kəsilir. Daha sonra vətəndaş yenidən əlillik statusu alarsa, əvvəlki dövrdə kəsilmiş məbləğlərin taleyi konkret vəziyyətdən asılı olur.

Əgər gecikmə vətəndaşın günahı ucbatından baş veribsə, məsələn, vaxtında müraciət etməyibsə, çox vaxt həmin aylara görə ödənişlər geri qaytarılmır. Amma əgər gecikmə sistemdəki problemlər, sənədlərin ləngiməsi və ya rəsmi qurumların səhlənkarlığı ilə bağlıdırsa, vətəndaş məhkəməyə müraciət edib həmin məbləğləri tələb edə bilər. Təəssüf ki, əksər hallarda insanlar hüquqlarını bilmədiyi üçün bu addımı atmırlar”.

Məsələnin tibbi tərəfi də az əhəmiyyət kəsb etmir.

Mövzu ilə bağlı saytımıza danışan həkim-nevroloq Rauf Əliyev bildirib ki, bir çox əlillik halları tibbi baxımdan ömürlük xarakter daşıyır və bu zaman müntəzəm yenidən qiymətləndirməyə ehtiyac olmur:

“Amputasiya olunmuş ətraf, tam görmə itkisi, ağır beyin zədələri, onurğa iflici kimi hallar geri dönməzdir. Müasir tibbdə bu vəziyyətlərin əvvəlki vəziyyətə qayıtması mümkün deyil. Belə xəstələr üçün hər 1-2 ildən bir yenidən komissiyaya çağırılmaq tibbi baxımdan əsaslandırılmır. Bu, sadəcə formal prosedurdur”.

Həkimin sözlərinə görə, təkrar müayinələr bəzən xəstənin sağlamlığına da mənfi təsir göstərə bilər:

“Ağır xəstəliyi olan insanın uzun növbələrdə dayanması, sənəd toplaması, müxtəlif müəssisələrə getməsi onun fiziki və psixoloji vəziyyətini daha da ağırlaşdıra bilər.

Bir çox xəstə üçün bu proses əlavə stressdir. Xüsusilə qazilər və ağır travma keçirmiş şəxslər üçün bu, psixoloji sarsıntını yenidən yaşamaq deməkdir. Halbuki onların vəziyyəti artıq tibbi cəhətdən bəllidir”.

Aliyə

NOCOMMENT.az