Trampın “İran tələsi”: Qələbə, yoxsa böyük fırtına öncəsi sükut?backend

Trampın “İran tələsi”: Qələbə, yoxsa böyük fırtına öncəsi sükut?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-cı ilin geosiyasi mənzərəsi sürətlə dəyişir. Ağ Evdən vitse-prezident C.D. Vensin “missiya yerinə yetirildi” bəyanatı, 38 gün davam edən və “Qəzəb əməliyyatı” adlanan intensiv hərbi kampaniyanın rəsmi “qələbə” elanı kimi qəbul edilir. Lakin bu çıxışın pərdəarxası məqamları göstərir ki, Vaşinqton əslində müharibəni bitirmir, sadəcə onun metodologiyasını dəyişir. Birtərəfli raket zərbələri yerini “iqtisadi boğulma” və dəniz blokadasına verir.

Pentaqonun “İran hərbi gücünün 90%-i dənizin dibindədir” iddiası fonunda, aprelin 21-də bitəcək atəşkəs ərəfəsində dünya nəfəsini dərərək növbəti addımı gözləyir. Bəs ABŞ həqiqətənmi geri çəkilir, yoxsa bu, Tehranı tam təslimiyyətə məcbur etmək üçün qurulan sonuncu tələdir?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Əlimusa İbrahimov qeyd edib ki, Vensin dəfələrlə təkrarladığı “top İranın meydançasındadır” ifadəsi hazırkı strategiyanın mərkəzi mövzusudur: “Bu ifadə ABŞ-ın münaqişəni bitirmək yükünü Tehranın üzərinə atdığını bildirir. Bu mövqe Pakistanın vasitəçiliyi ilə İslamabadda aparılan 21 saatlıq marafon danışıqlarının iflasından sonra ortaya çıxır. Diplomatik mənbələrə görə, tərəflər razılaşmağa nəzərəçarpacaq dərəcədə yaxın idilər, sənəd layihəsi ‘imzalanmağa hazır’ vəziyyətdə idi. Lakin ABŞ-ın uran ehtiyatlarının tamamilə ölkədən çıxarılması və Hörmüz boğazının rüsumsuz açılması kimi maksimalist tələbləri uçurumu böyütdü.”

Politoloqun sözlərinə görə, Ağ Ev indi “qamçı və kök” siyasətinin ən sərt mərhələsinə keçid edib: “Vensin sözləri diplomatiyanın ‘kök’ hissəsini təşkil edirsə, Tramp administrasiyasının hərəkətləri çox böyük bir ‘qamçını’ təmsil edir. Hazırda tətbiq edilən dəniz blokadası İran iqtisadiyyatını boğmaq üçün nəzərdə tutulub. Vens ‘Əlimizdə kartlar var, hərbi üstünlüyümüz var, indi blokada vasitəsilə onlara əlavə iqtisadi təzyiq də göstəririk’ deməklə mesajı aydın verir: Ya şərtləri qəbul edin, ya da tam iqtisadi çöküşlə üzləşin. Bu, müharibənin sonu deyil, İranı suverenliyindən imtina etməyə məcbur etmək üçün oynanılan yüksək riskli bir qarşıdurma oyunudur.”

Tunar,
NOCOMMENT.az