Türkiyənin Qəhrəmanmaraş şəhərində baş verən və ölkəni sarsıdan məktəb hücumunun təfərrüatları üzə çıxdıqca faciənin miqyası daha da qorxunc xarakter alır. Onikişubat rayonunda yerləşən orta məktəblərin birində 8-ci sinif şagirdi, 14 yaşlı İsa Arasın törətdiyi qanlı cinayət təkcə qurbanların sayı ilə deyil, həm də cinayətin törədilmə forması və ailə fonu ilə cəmiyyətdə dərin şok yaradıb.
NOCOMMENT.az xəbər verir ki, qətliamı törədən yeniyetmənin ailə üzvləri ilə bağlı ortaya çıxan faktlar istintaqın gedişatını tamamilə dəyişib. Belə ki, 9 nəfərin qatili olan İsanın atası polis rəisi, anası isə müəllim imiş. Hadisədən dərhal sonra saxlanılan polis rəisi olan atadan sonra, bu gün yeniyetmənin müəllim işləyən anası da ifadə vermək üçün polis bölməsinə aparılıb. Valideynlərin hadisədəki məsuliyyəti, xüsusən də evdə silahların mühafizəsinə necə riayət olunduğu ciddi şəkildə araşdırılır.

Məktəbə “Arsenal”la gəlib: 5 tapança və yüzlərlə güllə
İstintaq qrupunun məlumatına görə, 14 yaşlı İsa Aras məktəbə sanki müharibəyə gedirmiş kimi hazırlaşıb. O, çantasına atasının xidməti və şəxsi kolleksiyasına aid olduğu bildirilən 5 tapança və çoxlu sayda sursat dolduraraq təhsil müəssisəsinə daxil olub. 8-ci sinif şagirdi soyuqqanlılıqla sinif otaqlarına girərək qarşısına çıxan hər kəsi hədəf alıb. Atışma nəticəsində 8 şagird və 1 müəllim hadisə yerində həyatını itirib, daha 13 nəfər isə ağır yaralanıb. Cinayətkar yeniyetmə sonda eyni silahlardan biri ilə öz həyatına da son qoyub.
Silahlar polis atasına məxsusdur
Mütəxəssislər müəyyən ediblər ki, cinayətdə istifadə olunan bütün silahlar yeniyetmənin polis rəisi olan atasının adına qeydiyyatdadır. Bu fakt Türkiyədə xidməti silahların evdə saxlanılması və uşaqların onlara əlçatanlığı məsələsini yenidən kəskin müzakirə obyektinə çevirib. Sosial mediada minlərlə insan ailənin səhlənkarlığını pisləyən paylaşımlar edərək, bu faciənin qarşısının alınmamasında valideynlərin birbaşa günahkar olduğunu vurğulayır.
Hazırda Onikişubat rayonu və ümumilikdə Qəhrəmanmaraşda yas elan olunub, məktəb ətrafında təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə saxlanılır. Hüquq-mühafizə orqanları İsanın bu addımı atmasına səbəb olan psixoloji amilləri və məktəbdə hər hansı bir zorakılığa (bullinq) məruz qalıb-qalmadığını araşdırır.
Sara,
NOCOMMENT.az









