Saleh Məmmədovun vəzifədən kənarlaşdırılmasından sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) başlanan maliyyə yoxlamalarının miqyası getdikcə daha ciddi mənzərəni ortaya qoyur. Musavat.com-a daxil olan məlumatlara görə, artıq agentliyin bir sıra struktur bölmələrində, o cümlədən regional yol istismar idarələrində geniş araşdırmalar aparılır.
NOCOMMENT.az xəbər verir ki, bu araşdırmaların əsas istiqaməti dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi, şişirdilmiş smetalar, formal podrat müqavilələri və yol tikintisi adı altında vəsaitlərin yayındırılması ilə bağlıdır. Mənbələrin iddiasına görə, bu prosesdə adı hallanan qurumlardan biri də vaxtilə Goranboy rayonunun Qaraçinar kəndində yerləşdiyi bildirilən 54 saylı Xocalı Yol İstismar İdarəsidir. İdarənin keçmiş rəhbəri kimi təqdim olunan Məzahir Səlimovun uzun illər bölgədə mühüm maliyyə axınlarına nəzarət etdiyi iddia olunur.
Bu iddialara əsasən, sözügedən idarə vasitəsilə həyata keçirilən layihələrdə real xərclərlə rəsmi sənədlər arasında ciddi fərqlər aşkarlanıb. Eyni zamanda, bölgədə keçirilən tenderlərin məhdud çevrənin nəzarətində olduğu barədə də məlumatlar var. İddialara görə, idarənin keçmiş rəhbəri kimi adı hallanan Məzahir Səlimovun bölgədə geniş təsir imkanlarına malik olduğu, bir sıra iri layihə və tenderlərin məhz onun və yaxın çevrəsinin nəzarətində olduğu bildirilir. Onun qardaşı Əkbər Səlimovun vaxtilə Yevlaxın icra başçısı postunu tutduğu da bildirilir. Məlumata görə, sözügedən şəxs uzun illər yüksək vəzifəli şəxslərlə yaxın münasibətlərə malik olub. Bu kontekstdə adı çəkilən Saleh Məmmədovla əlaqələr xüsusi vurğulanır.
İddialar bununla da bitmir. 54 saylı idarədə sahə rəisi kimi çalışmış Saləddin Dadaşovun da qısa müddətdə böyük maddi imkanlar əldə etdiyi, bahalı avtomobillər və daşınmaz əmlak sahibi olduğu qeyd olunur. Hətta onun Saleh Məmmədov vəzifəsindən kənarlaşdırılandan az öncə 300 min manat dəyərində “Range Rover” markalı avtomobil aldığı xəbəri var. Eyni zamanda, bəzi mənbələr həmin şəxslərin müxtəlif vaxtlarda istifadə etdikləri avtomobillərin dövlət qeydiyyat nişanlarını dəyişdirdiklərini, bir-birindən baha nəqliyyat vasitələrinə sahib olduqları bildirir. İddialarda o da vurğulanır ki, adıçəkilən şəxslərin Kəlbəcər rayonu, Bakı və Tərtər rayonu ərazilərində müxtəlif obyektləri mövcuddur.
Xatırladaq ki, Gununsesi.info-nun bu mövzuda yaydığı məlumatlarda qeyd olunurdu ki, yoxlamalar zamanı AAYDA sistemində son illər ərzində yüz milyonlarla, hətta 1 milyard manata yaxın dövlət vəsaitinin talan edildiyi ehtimal olunur. İddiaya görə, vəzifədən kənarlaşdırıldıqdan sonra Saleh Məmmədov özünə yaxın hesab etdiyi regional idarə rəhbərlərini bir araya toplayaraq yaranmış vəziyyəti müzakirə edib. Həmin toplantıda iştirak etdiyi bildirilən şəxslər arasında Məzahir Səlimovun da adı çəkilir. Qeyd edilir ki, keçmiş sədr maliyyə çatışmazlıqlarının qısa müddətdə aradan qaldırılmasının vacibliyini vurğulayıb, əks halda hüquqi məsuliyyətin qaçılmaz olacağını bildirib.
Bildirilir ki, hazırda araşdırmalar çərçivəsində regional yol idarələrinin maliyyə fəaliyyəti, tikinti müqavilələri və qəbul aktları xüsusi nəzarət altındadır. Bu isə 54 saylı Yol İstismar İdarəsi daxil olmaqla, bir sıra qurumlarda illərlə formalaşmış maliyyə mexanizmlərinin yenidən qiymətləndirilməsi deməkdir. Ekspertlər hesab edir ki, prosesin dərinləşməsi halında AAYDA daxilində daha geniş korrupsiya şəbəkəsinin üzə çıxması və yeni vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması istisna edilmir./Musavat.com/









