BMT İnsan Hüquqları Şurasının ekspertləri Hindistanda uzun müddətdir qeyri-qanuni həbsdə saxlanılan Şotlandiya vətəndaşı siqhəsilli bloqer və insan hüquqları müdafiəçisi Caqtar Sinqh Cohalın həbsinin uzadılmasını psixoloji işgəncə kimi qiymətləndirildiyini və onun dərhal azad edilməsini tələb edən bəyanatla çıxış ediblər.
NOCOMMENT.az xəbər verir ki, Cohal 2017-ci ilin noyabr ayında həbs edilib. Ona sağçı hindu liderlərinə qarşı terror aktlarının planlanmasında iştirak etmək ittihamı irəli sürülüb.
İşgəncələrin qarşısının alınması sahəsində ixtisaslaşmış xüsusi məruzəçilər də daxil olmaqla, BMT-nin on müstəqil eksperti birgə bəyanatda onun “səkkiz ildən (3 089 gün) artıq müddətdir ki, azadlıqdan məhrum edildiyini və qeyri-qanuni həbsdə saxlanıldığını” vurğulayıb və məhkəmə işinin hələ də yekunlaşmadığını qeyd ediblər.
Qeyd edək ki, Caqtar Sinqh Cohal siqh icmasının fəal üzvü, bloqer və insan hüquqları müdafiəçisi olmaqla yanaşı, Hindistan dövlətinin siqh azlığına qarşı yürütdüyü siyasətin açıq tənqidçisi kimi tanınırdı. Onun fəaliyyəti əsasən Hindistan hökumətinin siqh icmasına qarşı həyata keçirdiyi sistemli zorakılıq aktlarını, dövlət səviyyəsində baş verdiyi insan hüquqları pozuntularını və etnik-dini azlıqlara qarşı tətbiq edilən ayrı-seçkilik siyasətini beynəlxalq ictimaiyyətə çatdırmaq üzərində qurulmuşdu.
BMT İnsan Hüquqları Şurasının ekspertləri bildiriblər ki, Cohal saxlanıldığı ilk 10 gün ərzində nə ailə üzvləri, nə də vəkili ilə əlaqə saxlaya bilib. Onların sözlərinə görə, bu müddətdə o, Hindistan hüquq-mühafizə orqanları tərəfindən elektroşok da daxil olmaqla işgəncəyə, öldürülmə hədələrinə və digər qanunsuz rəftara məruz qalıb.
Bəyanatda qeyd olunur ki, Cohal 2025-ci ilin martında terrorçuluq ittihamı üzrə bəraət alsa da, hələ də həbsdə saxlanılır. Ekspertlər bunu təqsirsizlik prezumpsiyasına hörmətsizlik, eyni ittihamlar üzrə təkrar mühakimə və antiterror qanunvericiliyindən sui-istifadə kimi qiymətləndiriblər. Onlar, həmçinin Cohalın saxlanma şəraitinin pisləşdiyini, ailə görüşlərinin və gigiyena vasitələrinə çıxışın məhdudlaşdırıldığını, təkadamlıq kamerada saxlanıldığını bildiriblər.
Ekspertlər Hindistan hökumətini bütün əsassız ittihamları ləğv etməyə, Cohalı dərhal azad etməyə və işgəncə iddiaları üzrə müstəqil araşdırma aparmağa çağırıblar./Oxu.Az/










