Şuşa xəstəxanasının tikintisində nə qədər mənimsənilib?backend

Şuşa xəstəxanasının tikintisində nə qədər mənimsənilib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşa rayon Mərkəzi Xəstəxanasının (I mərhələ) tikintisi zamanı artıq iş həcmlərinin daxil edilməsi, satınalma qanunvericiliyi sahəsində hüquqi sənədlərin tələblərinin gözlənilməməsi obyektin müqavilə dəyərinin artması ilə nəticələnib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisi üzrə apardığı auditin nəticələrində qeyd edilib.

Layihə dəyəri 41 milyon 751 min 77,73 manat olan 90 çarpayılıq “Şuşa Mərkəzi Xəstəxananın tikintisinin (I mərhələsi)” 2023-cü ildə başa çatmasına baxmayaraq, müvafiq sənədləşmələrin vaxtında aparılmaması və istismara qəbulunun ləngiməsi mühasibat uçotunda müvafiq dövrlər üzrə hesabatda başa çatmayan tikililərin dəyərinin artmasına səbəb olub.

Layihənin icrası üçün sahənin ayrılmasına təqdim edilmiş sənədlərdə obyektin çoxsahəli xəstəxana olması və tikintinin qanunvericiliklə qonşu obyektlərin təyinatından asılılığı nəzərə alınmayıb. Nəticədə əlavə torpaq sahəsi ayrılıb və normativlərin gözlənilməsi üçün tikintinin yerləşmə planı dəyişdirilib. Bu da müvafiq işlərin dəyərinin əhəmiyyətli məbləğdə artması və layihəyə ayrılmış vəsaitin tərkibində 15% xüsusi çəkiyə malik olması ilə nəticələnib.

Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisi zamanı dövlət ekspertizasından keçmiş layihədə müəyyənləşdirilən həcmdən artıq işlərin smeta sənədlərinə, eləcə də müqavilənin qiymət cədvəlinə daxil edilməsi obyektin müqavilə dəyərinin 392 min 962,45 manat artması ilə yanaşı, podratçıya artıq vəsait ödənilməsinə gətirib çıxarıb. Eləcə də tikinti-quraşdırma işlərinin qış vaxtında yerinə yetirilməsi ilə əlaqədar əlavə xərclərə tətbiq edilən normanın avadanlıqların dəyərinə şamil edilməsi, söküntü işlərinə aid olmayan xərclərin də əlavə edilməsi podratçıya 341 min 736,87 manat vəsaitin artıq ödənilməsinə səbəb olub.

Bundan əlavə obyektin smeta sənədlərində müəyyənləşdirilmiş həcmlərdən fərqli və faktiki icra edilməyən bəzi işlərin yerinə yetirilmiş işlərin qəbulu aktlarına daxil edilməsi tikinti normativlərinin tələblərinin gözlənilməməsi ilə yanaşı, işlərin həcminin və dəyərinin 113 min 294,16 manat artırıb.

Bəzi işlərin müqavilə və yerinə yetirilmiş işlərin qəbul aktına təkrar daxil edilməsi səbəbindən 2 milyon 538 min 878,95 manat dəyərində artım müəyyən edilib. Həmçinin smeta sənədlərində nəzərdə tutulmayan və Toplu smetaya daxil edilən avadanlıqlar alınıb. Həmin avadanlıqlara yerində baxış nəticəsində 7 milyon 898 min 198,52 manat dəyərində işlərin tam icra edilmədiyi məlum olub.

Aparılan maliyyə əməliyyatlarında alışların, işlərin və xidmətlərin yerinə yetirilməsini təsdiq edən sənədlər Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənən normativ sənədə uyğun tərtib edilməyib. Alış sənədləri üzrə mühasibat yazılışının vaxtında verilməməsi isə şəffaflığına mənfi təsir göstərib.

Qeyd edək ki, 3,7 hektara yaxın sahədə inşa edilən xəstəxana binası 4-ü dördmərtəbəli, 2-si isə birmərtəbəli olmaqla 6 korpusdan ibarətdir. Əsas xəstəxana binası 50 çarpayılıq, Reabilitasiya Mərkəzi isə 40 çarpayılıqdır./Bakupost.az/