Son saatlarda sosial şəbəkələrdə İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu iddia edən fotoların yayılması böyük rezonans doğurub. Paylaşılan görüntülərdə İranın yeni Ali Rəhbəri hesab olunan Müctəba Xameneinin də fotosunun yer alması müzakirələri daha da alovlandırıb və onun taleyi ilə bağlı suallar yenidən gündəmə gəlib.
NOCOMMENT.az xəbər verir ki, Müctəba Xameneinin vəziyyəti ilə bağlı spekulyasiyalar artıq bir neçə həftədir ki, beynəlxalq medianın diqqət mərkəzindədir. Münaqişənin başladığı ilk günlərdən etibarən onun ağır yaralandığı və ya İsrailin hava zərbələri nəticəsində həlak olduğu barədə müxtəlif xəbərlər tirajlansa da, Tehran indiyə qədər bu iddiaları nə rəsmən təsdiq, nə də inandırıcı şəkildə təkzib edib. M.Xameneinin uzun müddətdir ictimaiyyət qarşısına çıxmaması və rəsmi mərasimlərdə görünməməsi bu şübhələri daha da dərinləşdirir.
Hazırda yayılan görüntülərin rəsmi mənbələrə yox, daha çox müxalif və ya qeyri-rəsmi kanallara istinad etdiyi bildirilir. İran hakimiyyəti tərəfindən hələlik Müctəba Xameneinin statusu və ya səhhəti barədə hər hansı bir etibarlı məlumat paylaşılmayıb. Ekspertlər hesab edirlər ki, bu cür məlumatların yayılması İran daxilində davam edən qeyri-müəyyənliyi artırmaq və rəhbərlik ətrafında xaos təəssüratı yaratmaq məqsədi daşıya bilər. Məsələ ilə bağlı dəqiq məlumatlar əldə edildikcə oxuculara təqdim olunacaq.
Sara,
NOCOMMENT.az










