Məlumat verildiyi kimi 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclasının qərarı ilə Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiyməti artırıldı.
NOCOMMENT.az Tarif (qiymət) Şurasına istinadən xəbər verir ki, Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən təbii qazın qiymət artımı təklifinin iqtisadi cəhətdən əsaslandırılmasına baxmayaraq, aparılan sosial siyasət nəzərə alınaraq, Tarif (qiymət) Şurası təbii qazın tariflərinin artırılmasını məqsədəmüvafiq hesab etməyib.
SOCAR-ın müraciətində Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılması həmin məhsulların keyfiyyətin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi ilə əsaslandırılıb.
Qeyd edək ki, 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur.
Ölkədə Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.
Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.
Son illərdə Azərbaycana avtomobil idxalı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2018-ci ildə 28.876, 2019-cu ildə 47.710, 2020-ci ilin 11 ayında isə 47.841 avtomobil idxal edilib. İdxalın artmasına paralel olaraq, benzinə və dizelə tələbat da yüksəlib.
Dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 02.12.2013-cü il, Aİ-92 markalı benzin üzrə isə 14.07.2017-ci il tarixlərində aparılıb. Həmin dövrlərdə ölkə üzrə orta aylıq əmək haqqı müvafiq olaraq 425,1 manat və 528,5 manat təşkil edib. 2013-2020-ci illərdə ölkədə orta aylıq əmək haqqı 66%, pensiyalar 73% artıb. Keçən ilin 10 ayında (yanvar-oktyabr) orta aylıq əmək haqqı 704,5 manat təşkil edib.
Aİ-92 markalı avtomobil benzini əsasən, şəxsi minik avtomobillərində istifadə olunduğundan istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq, həmçinin ictimai nəqliyyatdan istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaqdır.
Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcəkdir.
Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaqdır. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarıf dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır.
Tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımınına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcəkdir.
Bununla yanaşı, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə də yenidən baxılacaqdır.
Qeyd edək ki, yeni tariflər 5 yanvar 2021-ci il tarixindən tətbiq edilməyə başlayıb.
NOCOMMENT.az