Paşinyan Xankəndiyə niyə İsaxanyanı göndərdi?backend

Paşinyan Xankəndiyə niyə İsaxanyanı göndərdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan köməkçisi Qaqik İsaxanyanı “dörd günlük işgüzar səfərlə” Qarabağa niyə göndərib? Görünür, Paşinyan bununla həm Qarabağdakı ermənilərin, həm Azərbaycanın, həm də Rusiyanın nəbzini yoxlamaq istəyir.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Paşinyan keçmiş illərdə nə vaxt istədi, Qarabağa gələrdi, ancaq müharibədən sonra bu gəlişin ciddi riskləri var və özü də bunu anlayır:

“Birincisi, Qarabağ ermənilərinin əksər hissəsi müharibədəki məğlubiyyətə görə Paşinyanı günahkar sayırlar və onun Xankəndiyə gəlişi etirazla qarşılanacaq. İkincisi, Paşinyan Xankəndiyə səfər məsələsində Moskvadan da asılıdır, Kremlin icazəsi alınmalıdır. Üçüncüsü, Paşinyanın Xankəndiyə mümkün təxribatçı səfərinə Azərbaycanın da reaksiyası həlledici olacaq. Bütün bunları nəzərə alan Paşinyan özündən əvvəl köməkçisini göndərir və Qarabağda məskunlaşdırılan ermənilərinə bununla “mən sizi unutmamışam” demək istəyir”.

Politoloqun fikrincə, Rusiyanın və Qarabağ ermənilərinin Paşinyanın Xankəndiyə mümkün “səfərinə” reaksiyası bizi az maraqlandırmalıdır:

“Söz sahibi biz olmalıyıq və indidən həm Moskvaya, həm də İrəvana mesaj göndərməliyik ki, Nikol Paşinyan Xankəndiyə gələrsə, bu, bölgədəki vəziyyəti gərginləşdirəcək və Azərbaycanı müvafiq addımlar atmağa məcbur edəcək. Bu açıqlamanı rəsmilərimiz və ya Xarici İşlər Nazirliyimiz bəyanat formasında indidən səsləndirməlidirlər ki, Moskva və İrəvan hesablarını götürsünlər, əks halda erməni rəsmiləri sərhədimizi pozmaqda davam edəcəklər”.

Qeyd edək ki, Qagik İsaxanyanın bu gün Xankəndiyə gəlib və 15 iyula qədər Azərbaycan şəhərində qalacaq.
Axar.az