“Qəbələ rayonunda küçələr zibillə dolub-daşır. Hətta elə küçələr var ki, orada ümumiyyətlə, zibil qutusu yoxdur. Camaat məcbur qalıb məişət tullantılarını küçəyə atır. Üfunət iyindən rayonda gəzmək mümkün deyil”.
NOCOMMENT.az-ın məlumatına görə, bu şikayətlə “Qafqazinfo”ya bir qrup Qəbələ sakini müraciət edib. Onların sözlərinə görə, mərkəzi küçələrdə belə zibillərin toplanmaması səbəbindən natəmizlik hökm sürür.
Sakinlərin redaksiyamıza göndərdiyi fotolar rayonun mərkəzi – Heydər Əliyev prospektində və general Polad Həşimovun adını daşıyan küçədə çəkilib.
Şikayətlə bağlı Qəbələ rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. RİH başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova saytımıza bildirdi ki, rayonda zibil qutuları kifayət qədərdir: “Qəbələnin küçələrində aralı formada zibil qutuları qoyulub. Hər səhər də həmin qutulara atılan tullantılar toplanır. Ola bilər bir qədər gecikmə olsun, lakin bütün zibillər yığışdırılacaq”.