Makron Əliyev-Paşinyan görüşünü niyə təşkil etdi?backend

Makron Əliyev-Paşinyan görüşünü niyə təşkil etdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan, Fransa, Avropa İttifaqı Şurası prezidentləri və Ermənistanın baş nazirinin videoformatda görüşü keçirilib: görüşün təşəbbüskarı Makron lub.

Aİ-yə sədrliyi üzərinə götürən Fransa prezidentinin belə bir görüşün təşkilində maraqları var:

– Makron Merkeldən sonra Avropanın lideri olmaq istiqamətində çalışır;

– Münaqişənin həllində uzaq düşdükləri bölgəyə Aİ-yə sədrliyi dövründə qayıtmaq istəyir.

Burada əsas məqam – “Fransanın prosesə qayıtması Minsk Qrupu formatının dirilməsinə şərait yarada bilərmi”, – sualıdır.

Bu sualın cavabına, eləcə də Makronun aktivləşməsi və görüşün keçirilməsinə Rusiya-ABŞ qarşıdurması kontekstində baxa bilərik: Paris və Berlin Moskvaya qarşı Vaşinqton cəbhəsində yer almır; burada enerji maraqları ilə yanaşı, NATO daxilində cəbhələşmə də həlledici rol oynayır və Makronun fevralın 7-də Putinlə görüşə hazırlığı, fevralın 15-də Şoltsun Moskvaya planlaşdırılan səfəri də deməyə əsas verir ki, Rusiya ABŞ-la qarşıdurmada Avropa üzərindən bir addım öndədir; Və mümkündür ki, Makronun bunun qarşılığında ruslardan istədiyi məsələlərdən biri də münaqişədən sonra uzaq düşdüyü Cənubi Qafqazda aktivləşmək, Azərbaycan-Ermənistan münasibətlərində vasitəçi kimi iştirak etməkdir.

Fransa prezidenti bununla:

– Avropanın yeni liderlik missiyasını gücləndirir;

– Aİ-yə sədrlik edən ölkə kimi Brüsselin Bakı-İrəvan xəttində vasitəçiliyini üzərinə götürür;

– Kiçik detal da olsa, prezident seçkiləri öncəsi bu gedişlər Fransadakı 700 minə yaxın erməni icmasının dəstəyini qazanmağa imkan yarada bilər.

Moskva-Paris anlaşmasının tərkib hissəsi kimi görünən Fransanın proseslərdə iştirakı Rusiyanın maraqları kontekstində də diqqət çəkir:

– Ruslar ABŞ-a qarşı Avropadan cəbhə açmaq siyasətini genişləndirir;

– Aİ ilə Minsk Qrupu formatına qarşı Qərbdə yaradılan alternativ Fransanın iştirakı ilə daha da güclənir;

– Minsk Qrupunun iki həmsədr ölkəsinin Cənubi Qafqazda rusların vasitəçiliyi ilə əldə olunan reallığı qəbul etməsi digər həmsədr ölkənin – ABŞ-ın təklənməsi və bölgəyə müdaxilə imkanlarının zəifləməsi ilə nəticələnir.

Bu baxımdan, Fransanın görüşü Minsk Qrupunun həmsədrindən daha çox, Aİ-nin sədri kimi təşkil etdiyini deyə bilərik. Makron və Şarl Mişelin görüşün yekunlarına dair birgə bəyanatında diqqətçəkən detallar da bu fikri önə çıxarır.

Mişel və Makronun birgə bəyanatında:

1. Minsk Qrupuna istinad edilmir;

2. “Dağlıq Qarabağ münaqişəsi” qeydi yoxdur, ümumiyyətlə Qarabağın adı çəkilmir; bu, o deməkdir ki:

– Qarabağ məsələsi Bakının istəyinə uyğun olaraq gündəlikdən çıxıb;

– Fransa Minsk Qrupunun həmsədri olaraq postmünaqişə dövrünün reallığını qəbul edir: bu, Bakının (həm də Moskvanın) Minsk Qrupuna təqdim etdiyi postmünaqişə dövrünə dair fəaliyyət istiqamətinin Paris tərəfindən də qəbul edilməsi deməkdir;

3. Görüş və bəyanat postmünaqişə dövrünə həsr edilib:

– Brüssel görüşündə əldə olunan razılaşmaların icrası;

– Kommunikasiyaların açılması;

– Sərhədin delimitasiya və demarkasiyanın həyata keçirilməsi;

– Azərbaycan-Ermənistan arasında sülh sazişi üzrə danışıqların başlanması və s.

Beləliklə, geosiyasi proseslərin yaratdığı mövcud şərtlərdə Bakının müharibədən sonra irəli sürdüyü gündəliyin Qərbdə də qəbul edilməsi prosesi sürətlənir.

Asif Nərimanlı