Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.
NOCOMMENT.az bildirir ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə gedib, 2005-ci ildə orada orta təhsilini başa vurub.
Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
Bir müddət mülki işlərdə çalışdıqdan sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətə başlayıb. Daha sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətə davam edib.
Məlumatlara görə, 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini məhv edib. Düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarıb. M.İbrahimov səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.
Prezident İlham Əliyevin sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimov “Azərbaycanın Milli Qəhrəmanı” adına (ölümündən sonra) layiq görülüb.
Şəhid Mübariz İbrahimov ailəsinə göndərdiyi son məktubunda yazırdı: “Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.