Putinin rubl qərarı nəyi dəyişəcək?backend

Putinin rubl qərarı nəyi dəyişəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putinin ötən gün qazı Avropaya rublla satmaq barədə qərar verməsi və bunun bir həftə ərzində mexanizminin hazırlanması ciddi reaksiyalara səbəb olub.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, artıq bu qərar qaz qiymətlərinə təsir edib, eyni zamanda, Avropa mexanizmin necə tətbiq ediləcəyindən məlumatsızdır. Rus rublu necə alınacaq, qazın ödənişi necə həyata keçiriləcək? Bu suallara Rusiyanın müfaviq qurumları bir həftə ərzində cavab verməlidir.

Avropada isə artıq sanksiyaların Rusiya iqtisadiyyatına təsirinin başladığını düşünürlər. Eyni zamanda rus qazına qısa müddətdə alternativ tapılması üçün çalışırlar. Ursula fon der Leyen artıq Avropanın ABŞ-dan daha çox sıxılmış qaz alması barədə müzakirələrə başladığını bildirib, paralel olaraq bir sıra ölkələrlə danışıqlar aparılır.

İqtisadçı ekspert Natiq Cəfərli isə bu qərarı bu cür şərh edib:

“1) Rusiya 2021-ci ildə Avropa və Türkiyəyə 185,1 mlrd. m3 qaz ixrac edib. Rusiya keçən il Türkiyəyə 32 mlrd. m3-ə yaxın qaz ixrac edib ki, bu da uzunmüddətli müqavilələrlə tənzimlənir, qiymət də 2026-cı ilə qədər neft qiymətlərinə bağlı formulla müəyyənləşdirilir. Yəni, Rusiya Türkiyəyə satdığı qazın şərtlərini dəyişdirə, qiymətlərini özbaşına yüksəldə bilməz – Türkiyə həm də Rusiya qazının tranzitini həyata keçirir, Moskva Türkiyə üçün qiyməti özbaşına artırsa, rəsmi Ankara da tranzit haqqını artıracaq. Rusiyanın Avropa ölkələrinə satdığı qazın keçən il ortalama qiyməti hər 1000 m3 üçün cəmi 274 dollar olub, çünki Rusiya qazı Avropaya daha çox boru xətləri ilə satır (Şimal Axını-1 ilə 55 mlrd. m3, yerdə qalanı isə Ukrayna, Türkiyə üzərindən). Müqavilələrin 80%-i uzunmüddətlidir, qiymətlər, əsasən, neftə bağlı formulla hesablanır, müqavilələrin şərtləri çox sərtdir, Rusiya bunu birtərəfli poza bilməz.

Rusiya satdığı qazın 20%-ni (LNG və spot bazarı) rubla keçirə bilər, amma bunu ilin 1-ci yarısında etmək mümkün deyil, bunun üçün həm infrastruktur yoxdur, həm də müqavilələri ancaq ilin 2-ci yarısı yeniləmək mümkündür;

2) Rusiya Ukraynaya təcavüzü başlayarkən zatən öz şirkətlərinə (Qazprom, Sibneft, Rossneft və s.) valyuta mədaxillərinin 80%-ni Mərkəzi Banka satması (əslində birjada satması ilə bağlı qərardır, amma indi zatən birjada ancaq MB valyuta ala bilir) ilə bağlı qarar vermişdi, yəni zatən Rusiya öz neftinin və qazının 80%-ni dolayısı ilə rubulla satır (Mərkəzi Bankın ehtiyatlarını artırmaq üçün), indi Putin, “rubulla qaz satacağıq”, desə nə olur, deməsə nə olur ki?! Bəs, niyə nefti rubulla satmaqla bağlı qərar vermədi? Çünki bu mümkün deyil, fyuçerslər təqribən 2 ay qabağa və dollarla fiksə edilir. Rusiya hətta öz qazının 20-30%-ni belə rubla çevirməyə nali olsa, yenə özünə ziyan vuracaq, çünki məzənnə fərqi sığortası işə düşəcək, qiymətlər oynaq olacaq, məzənnə fərqində Rusiya uduzacaq,

3) Bu gün Rusiya qiymətli kağızlar bazarı bir ay fasilədən sonra açıldı – cəmi 30 şirkətin qiymətli kağızı satışa çıxarılıb, alan Mərkəzi Bankdır (daha çox, öz şirkətlərini dəstəkləmək üçün), indi birja yoxdur Rusiyada, çünki böyük məhdudiyyətlər, alış-satışlara qadağalar var, qısa pozisiyalar qadağandır. Bu isə artıq birja deyil,

4) Bu gün Mərkəzi Bankın rublla bağlı rəsmi məzənnəsinin heç bir əhəmiyyəti yoxdur, o məzənnəyə dollar almaq mümkün deyil, yalnız Mərkəzi Bank alır. Bu gün Rusiyada real satış məzənnəsi 1 dollar 135,67 rubl, 1 avro 145,33 rubldur. Məzənnə budur, hətta RBC belə təqdim edir. Bu gün Mərkəzi Bank alıcı kimi öz şirkətlərindən 1 dolları 96,20 rubla, 1 avronu isə 105,63 rubla alır – belə yanaşma ilə əslində öz şirkətlərini çökdürür”.