Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayı ilə bağlı fətva verib.
Bu barədə NOCOMMENT-ə QMİ-nin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına görə, bu il üfüqümüzdə hilalın (təzə Ayın) aprelin 1-i görünməsi Ramazan ayının 1-i miladi təqvimlə 2022-ci il 2 aprel tarixinə təsadüf edəcək.
Fətvada qeyd olunur ki, Ramazan bayramı Şəvval ayının 1-i – Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq miladi təqvimlə may ayının 2-nə təsadüf edəcək.
“Bütün İslam ümmətini mübarək Ramazanın gəlişi münasibətilə təbrik edir, müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını Uca Rəbbimizdən diləyirik! Allah oruc və namazlarımızı qəbul etsin, bizləri məğfirət və mərhəmətə nail olan bəndələrindən qərar versin”,-deyə fətvada vurğulanır.