“Paşinyanın Rusiya səfərinin anonsu artıq fevral ayında verilmişdi, həm də bu, işgüzar deyil, rəsmi səfərdir”.
NOCOMMENT xəbər verir ki, bunu yenisabah-a açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov deyib.
O, əmindir ki, bu səfəri başqa yönlərlə şərh etmək düzün deyil: “Rəsmi səfərlər ən azı 6 ay öncədən hazırlanır. Həm də bu səfər təkcə Moskva şəhərinə yox, həm də Nijni Novqoroda olacaq və Baş nazir Paşinyan Rusiyanın bütün elitası ilə görüşlər keçirəcək”.
F.Məmmədovun sözlərinə görə, səfər öncəsi Brüsseldə keçirilən görüş və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bəyanatında əks olunan məsələlər Rusiyanı müəyyən dərəcədə narahat edir: “Rusiyanın vasitəçiliyi ilə 3 bəyanat qəbul olunub və heç bir bəyanatda sülh müqaviləsi ilə bağlı hər hansısa bir müddəa yoxdur. Atəşkəsin dayandırlması, bölgəyə sülhməramlıların daxil olması, sərhədlərin təyin edilməsi, kommunikasiyaların bərpası və s. məsələlər var, lakin sülh müqaviləsi ilə bağlı konkret qeyd yazılmayıb. Aİ-nin vasitəçiliyi ilə keçirilən görüşlərdən sonra açıqlanan bəyanatlarda isə bu məsələ öz əksini tapıb.
Görünən də odur ki, Ermənistan hakimiyyəti bu məsələni qısa zamanda həll etmək niyyətindədir. Prezident Əliyev bildirib ki, Brüssel görüşü vacib idi, bu, Ermənistanın Azərbaycanın təklif etdiyi 5 baza prinsipinə müsbət baxışını təmin edib.
Bu prosesdə artıq Rusiyanın vasitəçiliyi yoxdur. Odur ki, Brüssel görüşündən sonra Rusiyanın artan fəallığı və dinamikasını görürük”.
Siyasi şərhçi, həmçinin vurğulayıb ki, artıq Rusiya yeganə vasitəçi funksiyasını itirməkdədir: “Çünki onun vasitəçiliyi ilə qəbul olunan qərarlar vaxtlı-vaxtında yerinə yetirilmir. Bu, kommunikasiyaların bərpası, eləcə də sərhəd komissiyalarının formalaşması ilə bağlıdır. Belə bir halda, boşluğu Qərb, müəyyən dərəcədə ABŞ və daha fəal görünən Aİ tutmaqdadır.
Aİ-nin Rusiyadan fərqi ondadır ki, Rusiya daha çox hərbi güc və siyasi-diplomatik vasitələrdən istifadə edirsə, Aİ siyasi-diplomatik vasitələrini maliyyə alətləri ilə tamamlayır. Bu, qurumun ümumilikdə 5 il ərzində həm Ermənistana, həm də Azərbaycana ayırdığı 4.6 milyard avroluq maliyyə paketi sadalanan nümunələrdən biridir”.
F.Məmmədov düşünür ki, Paşinyanın qeyri-konstruktivliyi nəticəsində müharibə sonrası dövrdə Rusiyanın bölgədə 2 böyük nailiyyəti mümkün olmadı: “Sülhməramlılarını Qarabağda yerləşdirməklə yanaşı, Rusiyanın Ermənistan ərazisində formalaşa biləcək nəqliyyat dəhlizində nəzarətçi və iştirakçı olması düşünülürdü. Nəzarəti rus hərbçilər etməliydi, iştirak isə Ermənistanda dəmiryollarının Rusiyaya məxsus olması ilə mümkün idi. İlyarım müddətdən sonra Ermənistanın qeyri-konstruktivliyi nəticəsində Azərbaycan İranla memorandum imzaladı və nəqliyyat dəhlizində Rusiyanın iştirakı sual altında qaldı.
Bu nəqliyyat dəhlizinin reallaşması Azərbaycan dövləti üçün vacib məsələ idi, amma prioritet deyildi. Əgər öncə Azərbaycanın həmin nəqliyyat dəhlizi vasitəsilə Ermənistandan hər hansı asılacağı var idisə, indi bu, yoxdur. Bu da öz növbəsində, Zəngəzur dəhlizinin maneəsiz açılması deməkdir.
Ümumən yenidən keçən ilin bu vaxtlarına dönürük və kommunikasiya məsələ aktuallaşır. Rusiya üçün vacibdir ki, onun vasitəçiliyi ilə qəbul olunan qərarlar sözbəsöz həyata keçirilsin. Əks halda, vasitəçiliyə şübhə yaranır və boşluğu digər ölkələr doldurur. Aİ və İran kimi.
Məşhur bir atalar söz var: “Müqəddəs yer boş qalmır”. Aİ bu məsələ uyğun olaraq, bölgədə moderatorluğu ələ almaq istəyir”.