Bu gecə onu özünü öldürmək fikrindən daşındırdım – Ədalət Verdiyevbackend

Bu gecə onu özünü öldürmək fikrindən daşındırdım – Ədalət Verdiyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Post müharibə dövründə, xüsusən də son günlər orduda əsgər ölümləri baş verir.

Təkcə son 2 gündə orduda xidmət aparan 2 əsgərin ölümü rəsmi olaraq təsdiqlənib. Bəs bu halların çoxalmasının səbəbi nədir? Orduda nə baş verir?

NOCOMMENT.az xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev “Yeni Sabah”a açıqlamasında bildirib ki, Azərbaycan ordusunda baş verən intihar və ölüm halları təbii olaraq hər birimizi təəssüfləndirir. O, belə halların istənilən qurumda, o cümlədən orduda baş verməsinin istisna olmadığını bildiri:

“Amma son günlərdə bu faktların kifayət qədər geniş vüsət alması cəmiyyət üçün, aidiyyatı qurumlar və orduya nəzarət edən qurumlar üçün bir həyəcan siqnalı olmalıdır. Bunların qarşısının alınması üçün konkret bir alternativ mövcud deyil.

200.000 və daha çox insanın hərbi xidmət keçdiyi, eyni zamanda silahla təmas halında olduğu bir vəziyyətdə bu halların qarşısının tamamilə alınması mümkün deyil. Amma profilaktik tədbirləri, şəxsi heyət arasında təbliğat işini gücləndirməklə onların sayını minimallaşdırmaq mümkündür”.

Ə.Verdiyev hesab edir ki, ordudakı hər ölüm hadisəsi bir çox zabitin cəzalandırılmasına gətirib çıxarır:

“Mən çox yaxşı bilirəm. Belə halların heç biri intihar edən, bu və digər hadisə nəticəsində vəfat edən əsgərlərin komandirləri üçün nəticəsiz ötüşmür. Bu hallar geniş miqyasda tamamilə araşdırılır, hadisədə günahı olan çox sayda vəzifəli şəxslər cəzalandırılır. Tövsiyəm ondan ibarətdir ki, bu məsələlərin araşdırılması və nəticələri bu və digər şəkildə cəmiyyətə çatdırılmalıdır. Bundan sonra insanlar, istər həyatını itirən əsgərlərin yaxınları, istər cəzalandırılan zabitlərin yaxınları bu nəticələrlə məlumatlandırılmalıdırlar”.

Ekspert hesab edir ki, ölüm hallarının azalmasının həll yollarından biri də əsgərlərin ordudakı zabitlər tərəfindən diqqətdə saxlanılmasıdır:

“Hər bir əsgər fərdidir, onun hər bir problemi ilə zabitlər yaxından maraqlanmalıdır. Burada həmin əsgərlərin yoldaşlarının da üzərinə böyük məsuliyyət düşür. Onlar da ətrafında olan o cür əsgərlərin davranışlarındakı dəyişikliyi hiss etməli və komandirlərə məlumat verməlidir, əsgərləri bu yoldan çəkindirməlidirlər.

Hər bir komandir ilk növbədə özünü o əsgərlərin valideyni kimi hiss etməlidir. Onların bütün problemləri ilə yaxından maraqlanmalı, onların ailəsində və yaxın ətrafında olan problemlərlə yaxından tanış olmalıdır. Bu cür həssas kontingentlə daha çox iş aparılmalı, onlarla söhbətlər aparılmalı, o problemlərin həlli istiqamətində mümkün olan bütün addımlar atılmalıdır”.

Ə. Verdiyev sonda bildirib ki, dünən axşam daha bir qazini intihar fikrindən şəxsən daşındırıb:

“Mənim zənnimcə, biz cəmiyyətdə bunun əksini görürük. Məsələn, intihara hazırlaşan keçmiş döyüşçünü sakitləşdirmək əvəzinə kənardan onu daha da qızışdıranlara rast gəlirik, onu daha çıxılmaz vəziyyətə salanlara şahid oluruq.

İntihar etmək fikri olan daha bir qazi ilə dünən gecə 1-də söhbət eləyib fikrindən daşındıra bildim. İntihar məsələsi qəliz və çətin məsələlərdi. Bu məsələ təkcə ordunun ya hansısa keçmiş döyüşçünün deyil, bütün ölkənin probleminə çevrilib.

Hazırda bəzən yüksək vəzifəli şəxslər də intihara əl atır, imkansız, işsiz adam da intihara əl atır. Bunları araşdırmaq, sistemləşdirmək, aradan qaldırmaq, aradan qaldırılması üçün real addımlar atılması vacibdir. Hesab edirəm ki, burda müəyyən boşluqlar var və bu boşluqları doldurmaq üçün cəmiyyət olaraq əlimizdən gələni etməliyik”.