Ukraynadan sonra hədəfdə Qazaxıstandır?backend

Ukraynadan sonra hədəfdə Qazaxıstandır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ümumiyyyətlə, Qazaxıstanın Rusiya-Ukrayna müharibəsi fonunda tutduğu mövqe kifayət qədər maraq doğurur”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.

O, Peterburq İqtisadi Forumu çərçivəsində Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sərgilədiyi mövqeyə toxunub.

Xatırladaq ki, forum çərçivəsində Qazaxıstanın dövlət başçısı Rusiyanın dəstəklədiyi separatçı “LXR” və “DXR”i tanımayacağını söyləməklə yanaşı, həm də Qərbin Rusiyaya qarşı həyata keçirdiyi sanksiyalara qismən qoşulmaq məcburiyyətində olduğunu elan edib.

İlyas Hüseynovun sözlərinə görə, bundan öncə Qazaxıstan, həm də Rusiya əleyhinə sanksiyalara qoşulmamaqla öz neytrallığını qorumağa çalışırdı:

“Ümumiyyətlə, bu tendensiya postsovet məkanında olan dövlətlərin bəzilərinə xasdır. Qazaxıstana gəlincə, Rusiya üçün çox önəmli bir dövlətdir. Həm Mərkəzi Asiyadakı cənub sərhədləri baxımından geostrateji əhəmiyyətə malikdir, həm də KTMT, eləcə də Avrasiya İqtisadi İttifaqında (Aİİ) Rusiya ilə Qazaxıstan müttəfiqdir. O cümlədən “Avrasiyaçılıq konsepsiyası”nın ideya müəllifi kimi Nursultan Nazarbayev qeyd olunur. Ona görə də Qazaxıstan Rusiya ilə birlikdə iqtisadi-siyasi və hərbi inteqrasiya nöqteyi-nəzərindən mövqeləri uyğunluq təşkil edir”.

Ekspert vurğulayıb ki, Rusiyanın son dövrlərdəki geosiyasi ambisiyaları və həyata keçirmək istədiyi fəaliyyət rəsmi Nursultan tərəfindən də diqqətlə izlənilir:

““Qazaxıstan Ukraynadan sonra növbəti ola bilər” ehtimalı ilə bu ölkə öz əks-tədbirlərini həyata keçirir. Peterburq İqtisadi Forumunda Kasım-Jomart Tokayevin göstərdiyi mövqe onu göstərir ki, Qazaxıstan məsələlərə fərqli rakursda yanaşır. Əgər bu ilin yanvarında paytaxt Nursultan, Almatı və digər şəhərlərdə baş verən üsyanlarda Qazaxıstan əlacsız görünürdüsə, həmçinin, rəsmi hakimiyyət bir qədər mövqelərini itirmişdisə, KTMT qüvvələrinin ölkəyə gəlməsindən sonra belə bir ehtimal var idi ki, Qazaxıstanla Rusiya artıq daha sıx münasibətlərdə olacaq, lakin gözlənilən baş vermədi.

Qazaxıstan həm Konstitusiyanın dəyişdirilməsi ilə bağlı referenduma gedib, əlavə və dəyişikliklər isə Konstitutsiyanın 33 maddəsini əhatə edib. Həmçinin, Qazaxıstan bununla da tamamilə başqa bir dönəmə start verib. Referendumla bağlı xalqın qarşısına çıxan maddələrdəki dəyişikliklərə baxanda görürük ki, Qazaxıstan superprezident respublikasından güclü parlamenti olan bir dövlətə çevrilir və bir sıra mühüm maddələrdə dəyişikliklər edilməklə “Elbası”nın dövlət aparatına təsir imkanları sıfıra endirilir”.

İ. Hüseynov Marqarita Simonyanın Tokayevə qərəzli sualar verməsi faktına da toxunub:

“Tokayev özünü bir lider kimi göstərməyə çalışdı. O, təcrübəli diplomat olmaqla yanaşı, həm də liderlik keyfiyyətlərini Peterburq İqtisadi Forumunda göstərdi.

Putinlə yanaşı Tokayevin həmin forumda iştirakı zamanı moderatorun Marqarita Simonyan seçilməsi heç də təsadüfi deyildi. Çünki bir müddət öncə Simonyanın əri Tiqran Keosayan qazax xalqına qarşı təhqiramiz ifadələr işlətmişdi və bu baxımdan Simonyan forum çərçivəsində bir neçə dəfə etik normaları aşaraq Tokayevin sözünü kəsdi, replikalar atdı. Lakin Tokayev Kosovo, “DXR”, “LXR”, Tayvan və digər “dövlətlər”in tanınmayacağını rəsmən elan etməsi, təbii ki, Moskvanın maraqlarından kənar bir mövqedir.

Sonrakı prosesləri zamanı qazax neftinin dünya bazarına çıxarılması ilə bağlı Rusiya öz məhdudlaşdırıcı tədbirlərini tətbiq etdi. Əvəzində Qazaxıstan adekvat addımlar atdı. Bu, onu deməyə əsas verir ki, Qazaxıstan alternativ marşrutları seçməkdə maraqlı olacaq. Yəni Türk Dövlətləri Birliyi amili güclənir”.