“Azərbaycan Cənubi Qafqaz regionunun açar ölkəsi və Avropa qitəsinin enerji təhlükəsizliyində böyük rol oynayan dövlətdir”.
NOCOMMENT.az xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.
Məlum olduğu kimi, Avropa İttifaqı (Aİ) Azərbaycanla təbii qaz tədarükünə dair memorandum imzalamağı planlaşdırır. Azərbaycanın Aİ ilə qaz təchizatı sahəsində atdığı addım rəsmi Bakı üçün hansısa narahatlıq yarada bilərmi? Kremlin bu məsələyə münasibəti necə olacaq?
Mövzunu şərh edən siyasi şərhçi bildirib:
“Aİ üçün Azərbaycan Cənubi Qafqaz regionunun açar ölkəsi və Avropa qitəsinin enerji təhlükəsizliyində böyük rol oynayan dövlətdir. Bu strateji xətt üzrə Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının mövcud mexanizmləri çərçivəsində danışıqlar davam edir. Azərbaycan Aİ-nin 14 üzv ölkəsi ilə hökumətlərarası komissiya, 2 üzv ölkəsi ilə işçi qrupu fəaliyyət göstərir.
Azərbaycanla Aİ arasında münasibətlərin hüquqi əsası olan, 1996-cı ildə imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişidir. Tərəflərin üzərində işlədiyi yeni saziş isə bu baza sənədi əvəzləmək niyyəti güdür”.
Y. Hacıyeva bildirib ki, Ukraynada müharibə başlayan ilk həftədən Avropa İttifaqı Avropaya qaz təchizatının artırılmasını müzakirəsi başlanıb:
“Fevralın ilk günlərindən Azərbaycan yanacağını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri vasitəsilə ixracın artırılması hesabına həyata keçirilməsi üçün danışıqlar aparıldı. Bu görüşdə Cənub Qaz Dəhlizinin yeni enerji bazarlarının genişləndirilməsi müzakirə olunub.
Ümumiyyətlə, Azərbaycanın Avropaya qaz tədarükünün şaxələndiriməsinə həmişə diqqət verib, bu ildən isə TAP Boru Kəməri vasitəsilə Aİ-yə qaz tədarükünün artırılmasının imkanlarını dəyərləndirir.
Maneələrə gəlincə, istər Rusiyanın birbaşa münasibəti, istərsə də iqtisadi və siyasi təsisatlarda Almaniyanın vasitəsilə hiss etmişik”.