“Ümumiyyətlə, bir məqamı qeyd etmək istəyərdim ki, bu cür təxribatların artmasının əsas səbəblərindən birincisi, Ermənistan ordusunun bölmələrinin sentyabr ayından başlayaraq, sülhməramlıların nəzarəti altında olan bölgələrdən çıxarılması ilə bağlı qərarın verilməsinə görədir”.
NOCOMMENT xəbər verir ki, bu sözləri yenisabah-a açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu deyib.
O, ötən gün Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu istiqamətində, eləcə də Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə mövqe qurmuş erməni hərbçilərinin atəşkəsi pozma faktına münasibət bildirib: “Siz diqqət edirsinizsə, bu, həm də, eyni zamanda Türkiyə-Ermənistan münasibətləri ilə bağlı müzakirələrin getməsi fonunda baş verir və bu, çox maraqlı bir məqamdır. Ortada açıqlamalar var, həm Ermənistan, həm də Türkiyə tərəfinin açıqlmaları mövcuddur. Bütün bu açıqlamalardan da ortaya çıxan nəticə bundan ibarətdir ki, normallaşma dönəmi ilə bağlı aktiv proseslərin getməsinə ümid etmək olar. Belə bir məqamda məhz Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə bu cür təxribatçı meyllərin artması, əslində, müəmmalı suallar ortaya çıxardır”.
“Niyə qoşunların sentyabra qədər çıxarılması deyildikdən sonra, əlavə olaraq isə Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşma dönəminin, müəyyən müzakirələrin başlaması ilə bağlı fikir mübadiləsi aparıldığı bir zamanda, hətta bununla əlaqəli müəyyən anonsların qeyd edildiyi bir vaxtda təxribatlar başladı?
Bu, artıq belə bir fikir yürütməyə əsas verir ki, bəli, burada konkret şəkildə sülh müqaviləsinin imzalanmasını pozmağa, qoşunların çıxarılmasının qaşrısını almağa və eyni zamanda Türkiyə ilə Ermənistan münasibətləri ilə bağlı başlaya biləcək hər hansı danışıqların qarşısını kəsməkdə maraqlı olan qüvvələr var. Burada əsas hədəf və məqsəd budur”, – V. Zifəroğlu yekunlaşdırıb.