Azərbaycanın Gəncə şəhərindən səmaya qalxan Türkiyənin “C-130” hərbi-yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğramasının səbəbi hər iki ölkənin kütləvi informasiya vasitələrində müzakirə olunmaqdadır.
NOCOMMENT.az xəbər verir ki, TGRT kanalına müsahibəsində terror və təhlükəsizlik məsələləri üzrə əkspert Abdullah Ağar təyyarənin nədən qəzaya uğradığı barədə ehtimallarından danışıb.
Onun sözlərinə görə, “təyyarə nədən qəzaya uğradı” sualı çox mühümdür, çünki “C 130” təyyarələri dünyadakı ən güvənli hərbi nəqliyyat təyyarələrindən biridir.
Bu təyyarələrin 4 mühərrikə malik olduğunu vurğualayan ekspert qeyd edib ki, onlardan hətta 3-ü belə sıradan çıxarsa, həmin təyyarələr bir mühərriklə təcili eniş etmək qabiliyyətinə sahibdir. “Mən də bu təyyarələrə dəfələrlə minmişəm. Belə olunca, ağla müdaxilə ehtimalı, nə yazıq ki, gəlir. Təbii, paranoik deyilik, olmamamız da lazımdır. Son dərəcə soyuqqanlı şəkildə təyyarənin qalıqları üzərində yapılacaq texniki araşdırmaları və bundan sonra çıxacaq hesabatı görməyimiz lazımdır”.
Abdullah Ağar qeyd edib ki, ağla gələn ilk ehtimallardan biri pilot səhvi ilə bağlı ola bilər, amma indiyədək pilot xətası səbəbindən “C-130” təyyarəsinin qəzaya uğradığını Türkiyədə görməyib və eşitməyib: “Amma belə ehtimal təbii olaraq var. Texniki problem ola bilirmi? Mümkündür. Hava şəraitinin yaratdığı hər hansı xarici manipulyasiya və ya təsir varmı? Çox görünmür, amma mümkündür. “C-130”lar yüksəkdə uçmazlar. Ümumiyyətlə 2000-3000 metr hündürlüyündə uçarlar”.
Təyyarənin dağa çırpılmadığına diqqəti cəlb edən ekspert təyyarənin partlaması versiyasına da toxunub: “İçəridə partlama ola bilərmi? Partlayıcı maddə səhv daşınma şəraitinə görə aktiv hala keçmiş ola bilərmi? Belə ehtimal var”.
O, bildirib ki, təyyarəyə xarici müdaxilənin olması versiyası da mövcuddur: “Açığı, bu da ağlıma gəlir. Təyyarənin hava hücumu və ya hava hücumundan müdafiə raket sistemi ilə vurulması ehtimalı ağla gəlir. Yayılmış görüntülərdə uçağın bütün halda düşmədiyi, parçalandığı görünür. Mövzu çox ciddidir”.
Gürcüstan tərəfinin təyyarənin təcili yardım istəmədiyinə münasibət bildirən ekspert bunun insidentin qəfildən baş verməsi ilə əlaqədar ola biləcəyini istisna etməyib: “Bu da ağla çox məsələni gətirir”.
Bu məqamda ekspert təyyarə qlobal geosiyasi münaqişənin və düşmənliyin gücləndiyi bir dönəmdə qəzaya uğradığına diqqəti cəlb edib.
Bununla belə, ekspert bildirib ki, qəza ətrafından spekulyasiyaya yol vermək olmaz, qəzanın araşdırılması ilə əlaqədar yekun nəticəni gözləmək lazımdır.
Xatirə SADİQ













