ABŞ-ın Florida ştatının Aventura şəhərinin meri Enid Veizman 2021-ci ilin 26 fevral tarixini Xocalı soyqırımını anım günü elan edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə report-un yerli bürosuna Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının prezidenti Töhfə Eminova məlumat verib.
T.Eminova bildirib ki, şəhər meri Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar qəbul etdiyi bəyanatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi qırğın nəticəsində 600-dən çox günahsız vətəndaşın, o cümlədən qadınların və uşaqların öldürülməsindən danışılır.
Sənəddə qeyd edilir ki, “Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatının əlindəki dəlillərə əsasən, Xocalı soyqırımı regionda ən böyük hərbi cinayətdir. Xocalı hadisələrinin dəhşətli itkilərdən xəbər verdiyi, habelə bütün dünyada insanların bir-birini daha yaxşı başa düşməsinin və onların tolerantlığının vacib olduğunu göstərdiyi üçün Aventura şəhərinin meri E.Veizman 2021-cı il fevralın 26-nı Aventura şəhərində Xocalı soyqırımının anım günü elan edir.
T.Eminovanın sözlərinə görə şəhər meri Xocalı soyqırımını faşistlər tərəfindən yəhudilərə qarşı törədilən Holokost faciəsinə bənzədib.
T.Eminova sözügedən bəyanatın Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının Aventura şəhər meri ilə sıx əməkdaşlığı nəticəsində qəbul edildiyini deyib.
Xatırladaq ki, ABŞ-ın 24-dən çox ştatı, o cümlədən Arizona, Arkansas, Konnektikut, Florida, Corciya, Havay, Aydaho, İndiana, Men, Massaçusets, Minnesota, Missisipi, Montana, Nebraska, Nyu-Cersi, Nevada, Nyu-Meksika, Oklahoma, Pensilvaniya, Tennessi, Texas, Yuta, Qərbi Virciniya, Viskonsin ştatları Xocalı soyqırımını tanıyıb və pisləyib.