ABŞ-də anti-Azərbaycan kampaniyası planlı şəkildə koordinasiya olunur – RƏYbackend

ABŞ-də anti-Azərbaycan kampaniyası planlı şəkildə koordinasiya olunur – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin Azərbaycana qarşı münasibəti həmişə ədalətsiz olub, ikili standartlara əsaslanıb. Azərbaycan torpaqları 1990-cı illərdə işğala məruz qalanda, talan ediləndə də qeyri-adekvat davranıb, işğalçı ilə işğala məruz qalan tərəf arasında fərq qoymayıb. Bu gün də eyni siyasəti davam etdirir.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri report-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli bildirib.

Ekspert qeyd edib ki, ABŞ-də mənzillənmiş ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən davamlı şəkildə xüsusi anti-Azərbaycan kampaniyasının aparıldığı müşahidə olunur.

“ABŞ Nümayəndələr Palatasının erməni əsilli üzvü Ana Eşuvə və ermənipərəst üzvü Kristofer Smitin həmmüəllifliyi ilə bu günlərdə Azərbaycana qarşı yeni, qərəzli “Dağlıq Qarabağın erməni əhalisinə qarşı etnik təmizləmə kampaniyası həyata keçirdiyi üçün Azərbaycanın qınanması” adlı layihə irəli sürüldüyü bir vaxtda “Freedom House” təşkilatı da paralel bir kampaniya başladıb. Təşkilat “Dağlıq Qarabağda niyə ermənilər yoxdur” adlı xüsusi hesabat icmalı hazırlayaraq yayıb və həmin hesabatda Azərbaycana qarşı çox ədalətsiz ittihamlar irəli sürüb” – o vurğulayıb.

M.Ələsgərli əlavə edib ki, bu yanaşma “International Pertnership For Human Rights”, “Democracy Development Foundation”, “Protection of Rights Without Borders NGO”, “Law Development and Protection Foundation”, “Open Society Foundations” və digər yerli təşkilatlar tərəfindən də dəstəklənib.

“Belə nümunələrin sayını artırmaq mümkün olsa da, çıxan nəticə birdir. ABŞ Nümayəndələr Palatasının satın alınmış üzvlərinin irəli sürdükləri layihə ilə beynəlxalq statuslu QHT-lərdən təşkil edilmiş “qara şəbəkə”nin eyni mərkəzdən koordinasiya edildiyinə şübhə yoxdur”- ekspert bildirib.

“Məsələ ondadır ki, 30 ilə yaxın müddətdə 1 milyona yaxın azərbaycanlının öz doğma yurd yerlərindən qaçqın və məcburi köçkün vəziyyətinə salınmasına, Xocalı soyqırımına, Qaradağlıda, Ağdabanda, Başlıbeldə, Bağanis-Ayrımda, Ballıqayada, Tuğda etnik təmizləmələrə, 2020-ci ilin oktyabrında Gəncənin, Bərdənin raket hücumlarına məruz qalmasına, dinc insanların ölməsinə susan ABŞ Nümayəndələr Palatası, “Freedom House”, “Soros Fondu” kimi qurumlar indi heç bir əsasa söykənmədən Azərbaycanı ermənilərə qarşı etnik təmizləmə aparmaqda ittiham edir, ölkəmizi “Beynəlxalq Cinayət Məhkəməsi” ilə hədələyir”, M.Ələsgərli qeyd edib.

Media eksperti bu cür hədyanların Azərbaycan ictimaiyyətini haqlı olaraq hiddətləndirdiyini deyib:

“Bu iftira dolu qətnamə layihələri ABŞ-nin Azərbaycandakı nüfuzuna ağır zərbədir, qərəz, riyakarlıq, siyasi sifariş, ikili standartlar nümunəsidir. Azərbaycanı iftira dolu bu cür kağız parçaları ilə yolundan döndərmək mümkün deyil, Azərbaycan qanı və canı bahasına öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib, müharibədə özünü ləyaqətlə aparıb, dinc insanlar heç vaxt Azərbaycan Ordusunun hədəfi olmayıb.

Bu gün azad edilmiş ərazilərdə vaxtilə hökm sürmüş dağıntı və talançılığa ABŞ Nümayəndələr Palatası illərlə susub, bu gün də keçmiş köçkünlərin problemləri, həmin ərazilərin 1,5 milyondan çox mina və PHS ilə çirkləndirilməsi ABŞ-nin bu cür təsisatlarını qətiyyən qayğılandırmır”.